1990-cı illərin başlanğıcı daimi yaşayış məskənlərindən didərgin düşən 800 000-dən çox Məcburi Köçkün kimi Rüstəmova Səyyarənin də həyatına qara buludları gətirdi. 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayonunda ailəliklə malik olduqları bütün var-dövlət, ev, bağ, bostan, mal-qara, bir sözlə hər şey Dağlıq Qarabağ münaqişəsinin "tufanının” qurbanı oldu və həmin tufan Rüstəmovlar ailəsini Yevlax rayonunun Nemətabad kəndinə gətirdi.
Əlbəttə, belə bir faciədən sonra özünə gəlmək və yenidən həyatına davam etmək üçün ailədə heç olmasa bir nəfərin iradəsi və əzmi olmadan mümkün olmazdı. Bu insan isə, ailəsinə təkbaşına sahib çıxıb onu bütün yükünü çiyinlərində daşıyacaq ailənin anası – Səyyarə xanım Rüstəmova oldu.
Bir qızları ömürlük xəstə olan ailə əlindəki məhdud resurs və imkanlardan istifadə edərək, Şəkil 1-də fotosu təqdim edilmiş bir sığınacaqda yaşayaraq, heyvandarlıqla məşğul olmaqla 18 ildir ki, həyat mübarizəsini davam etdirməyə çalışır.
Layihə ilə tanışlıqdan əvvəl üç böyük baş heyvanın südündən əldə etdiyi vəsaitlə gündəlik ehtiyaclarını ödəməyə çalışan Səyyarə xanım südü satmaq üçün onu avtobusla rayon mərkəzindəki – Yevlaxdakı bazara aparırdı. Bu isə Səyyarə xanım üçün bir neçə qat artıq xərc demək idi: a) süddən qazanacağı vəsaitin demək olar ki, ¼ qədəri yol xərclərinə sərf edilir, b) gününün yarısı yola, yarısı da bazarda müştəri gözləməyə gedir, c) istehsal etdiyi süd və süd məhsullarının da kifayət qədər yüksək miqdarı müvafiq və sanitar-gigiyenik standartlara cavab verməyən qablarda daşımağa çalışdığı üçün ya tullantıya gedir, ya da əlində qalıb xarab olurdu. Bunun üzərinə Səyyarə xanımın məhdud satış və müştəri ilə ünsiyyət vərdişlərini, bazarda yer tapmaq və digər məsələlər üçün sərf olunan xərcləri də gəlsək, qalan mənfəətin cüziliyini təsəvvür etmək o qədər də çətin olmaz.
2009-cu ilin noyabr ayında Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi (Ümid SİDİB) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (ingiliscə qısaca olaraq: USAID), BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə "Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsini həyata keçirməyə başladı. Layihənin hədəf icmalarından biri də Səyyarə Rüstəmovanın və ailəsinin məskunlaşdığı Yevlax rayonunun Nemətabad icması oldu.
Göstərilən dəstək mərhlələrlə əvvəlcə Səyyarə xanımın da üzvü olduğu icmanın bacarıqları, layihə barəsində məlumatlılığı, sonra isə heyvandarlıq, süd və süd məmulatlarının istehsalı, məhsuldarlığın və səmərəliliyin artırılması sahəsində bilik və bacarıqları inkişaf etdirildi, dayanıqlı istehsal və inkişaf üçün lazım olan strateji addımlar barəsində fikir mübadiləsi aparıldı. Xüsusilə, süd istehsalının həcminin və keyfiyyətinin artırılması yolları, icmada süd toplama məntəqəsinin tikilməsinin vacibliyi, mal-qaranın saxlanması və bəslənməsi, süd tədarükü, baytarlıq xidmətinin təşkili və idarə olunması, südün sağılması, saxlanılması və nəqli barədə yeni məlumatlar və biliklərin verilməsi həm Səyyarə xanımın, həm də digər faydalanların müfaviq bacarıqlarının kafi dərəcədə artmasına səbəb oldu. Bu dəstək sayəsində istehsal edilən südün həcmi və keyfiyyəti yüksəlmiş və istehsalçıların, o cümlədən Səyyarə xanımın aylıq gəliri artmışdır.
İcmada süd toplama məntəqəsi tikildikdən sonra, Səyyarə xanım əlavə vaxt və vəsait sərf etmədən, müntəzəm olaraq istehsal etdiyi südü itkisiz və keyfiyyətli şəkildə süd toplama məntəqəsinə təhvil verməyə başladı. Bunun nəticəsində ailənin büdcəsinə gündəlik 4-5 AZN vəsait daxil olmağa başladı. Bu vəsait hesabına ailə gündəlik təlabatını ödəməklə yanaşı, evini səliqəyə salmağa və zəruri ev əşyaları da almağa başladı. Qızları üçün hazırladığı yorğan-döşəyə ipək üz (təxmini qiyməti 100 AZN), qab-qacaq, vedrə, çaydan (70 AZN) bu evə son vaxtlar alınan təzə əşyalardır. Bu əşyalar içərisində gənc qızlarının sevincinə səbəb olan ən qiymətli əşya isə makiyaj stolu (200 AZN) oldu.
"...Üç inəyimiz var. Əvvəllər südü vaxtında sata bilmirdim, bəzən çürüyür, qıcqırır (turşuyur), bəzən bişərkən daşıb tökülür, bəzən də müştəri olmadığından dəyər-dəyməzə satırdım. Ən əsası isə südün keyfiyyəti bəzən müştərini qane etmirdi. Kəndimizi də əhatə edən layihə çərçivəsində, mal-qaranın yemlənməsi, südün sağılması və saxlanması ilə bağlı bir çox dəyərli məsləhətlər və biliklər əldə etdim. Bu biliklər sayəsində əvvəlcə sağdığım südün keyfiyyətinin əhəmiyyətli dərəcədə dəyişməsinə nail oldum. İcmada süd toplama məntəqəsi istifadəyə verildikdən sonra isə, südü məntəqəyə təhvil verməyə başladım. 2011-ci ilin may ayında 330 l süd təhvil verdikdən sonra əldə etdiyim vəsaitlə evə lazım olan əşyaları almağa başladım. Bunun nə qədər mənfəətli bir iş olduğunu gördüm və heyvanların sayını artırmaq, onlara daha yaxşı qulluq etməklə süd istehsalını artırmaq haqqında düşünməyə başladım. Artıq iyun ayında 708 l süd təhvil verməyə müyəssər oldum. Bu zaman qızlarımın çoxdan arzusunda olduğu güzgünü ala bildim.
Heyvanlara daha qayğıkeş yanaşmaqla, təmiz və rahat şəraitdə saxlamaqla, vaxtlı-vaxtında yemləməklə gündəlik süd istehsalını 16.5 l-dən 26.5 l-ə qədər artırmasına nail olmuşam. Bu da süd satışından ailə büdcəmizə daxil oian vəsaitin 7-8 AZN-ə çatmasına səbəb olub. Ailəmin daha firavan yaşamağı üçün mal-qaranın sayını artırmaqla əlavə gəlir əldə etməyi planlaşdırır və bu dəstək və bacarıqlar üçün bütün donorlara və Ümidə təşəkkür edirəm”.
Rüstəmovlar ailəsi hazırda Nemətabad icmasında təşkil olunan Kredit müəssisəsi ilə görüş zamanı haqqında bəhs edilən kənd təsərrüfatının inkişafı krediti üçün müraciət etməyi düşünür. Həmin kreditlə malik olduları böyük baş heyvanların sayını artıraraq əlavə iki heyvan almağı, krediti isə süddən əldə ediləcək gəlir hesabına geri qaytarmağı düşünən ailə indi gələcəyinə daha nikbin baxır. Artıq süd istehsalını biznes sahəsi kimi görən Səyyarə Rüstəmova gələcəkdə bu işlə daha ciddi məşğul olmağı fikirləşir.