Hazırda, Şahnəzərli kəndinin böyük bir hissəsi Şollar xəttindən gələn içməli sudan faydalanır
Şabran rayonu Şahnəzərli icması uzun illərdir ki, içməsi su çatışmazlığından əziyyət çəkirdilər. Kənddə içməli su xətti mövcud olsa da, xəttin sıradan çıxması səbəbindən yerli sakinlərdən yalnız 3-4 ailə bu sudan istifadə edə bilirdi. Digər ailələr isə suyu əl ilə daşımalı olur və ya suvarma suyu üçün nəzərdə tutulmuş arx suyunu duruldaraq istifadə etmək məcburiyyətində qalırdılar. Şahnəzərli icmasında layihənin icrasının yaranmış texniki problemlər səbəbindən iki il uzanmasına baxmayaraq icma sakinləri suyun çəkilişinə ümidlərini itirmir və layihənin reallaşacağı günü səbirsizliklə gözləyirdilər.Nəhayət səbirsizliklə gözlənilən gün yetişdi.
İsti iyun səhəri əhali yuxudan ağır texnikanın səsinə oyanır və kəndin içində traktorların işləməsi, materialların əraziyə gətirilməsinin şahidi olurlar.Yerli sakinlərin və bələdiyyə sədrinin də iştirakı ilə cəmi 5 gün ərzində layihə üzrə boruların çəkilməsi işini tamamlamaq mümkün olur. Və sınaq məqsədi ilə kəndə su verilir.Suyun çox az müddət buraxılmasına baxmayaraq icma sakinlərinin sevinci yerə-göyə sığmırdı. Şahnəzərli kənd ağsaqqallarından olan Əsədulla müəllim kənddə görülən işdən razılığını və bu işdə zəhməti keçən hərkəsə kənd sakinlərinin adından təşəkkürünü bildirdi.Həmçinin, kənd sakinlərinin su ilə təminatının yaxşılaşdırılması üçün əlavə çən quraşdırıldı.
Hazırda, Şahnəzərli kəndinin böyük bir hissəsi Şollar xəttindən gələn içməli sudan faydalanır.