Azərbaycanın uzaq dağ kəndlərində MilliÖn ödəmə terminalının quraşdırılması nəzərdə tutulur
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən
maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) proqramı
çərçivəsində 2 mart 2022-ci il tarixindən "Vətəndaş cəmiyyəti
institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə
açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin
genişləndirilməsi" layihəsinin icrasına başlamışdır. Bütün maraqlı
tərəflərlə, o cümlədən Bələdiyyələr, İcma Əsaslı Təşkilatlar (İƏT), QHT-lər,
"Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”,
mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığın qurulması bu
layihənin müvəffəqiyyət qazanmasında əsas amillərdən biri olmuşdur.
Layihə çərçivəsində əməkdaşlıq edilən
təşkilatlardan biri də Talabıqışlaq İƏT-dır. Talabıqışlaq Bələdiyyəsi Quba
rayonu ərazisində fəaliyyət göstərir. Bələdiyyəyə 6 kənd (Küçeyi, Xaroşa,
Cağacıq, Talabı, Töhmər və Talabıqışlaq) daxildir. Əhalinin ümumi sayı 5390
nəfərdir (onlardan 2640 nəfər kişi, 2750 nəfər qadın, 692 nəfər gənc). Ərazisi
4000 ha-dır. Bələdiyyə ərazisində heç bir ödəmə terminalı yoxdur. Əlacsız qalan
kənd sakinləri kommunal, bank, sığorta xidmətləri, dövlət ödənişləri, internet,
kabel televiziyası və digər ödənişləri həyata keçirə bilmək üçün hər dəfəsində rayon
mərkəzinə yol qət etməli olurlar. Bu da, öz növbəsində onların nəqliyyat
xərclərinin artmasına, zaman itkisinə, fiziki yorğunluğuna səbəb olur. Kənd
əhalisinin rahatlığının təmin edilməsi, xərclərinin müəyyən qədər azaldılması
məqsədilə sözügedən layihə çərçivəsində verilmiş məsləhətlər nəticəsində bu
icmanın Bələdiyyəsi tərəfindən MilliÖn ödəmə terminalının quraşdırılması üçün aidiyyəti
quruma rəsmi müraciət edilmişdir. Həmin qurum Bələdiyyənin müraciətinə müsbət cavab
vermiş, ödəmə terminalının quraşdırılacağı sahibkarlıq obyektinin sahibi Emin
İdrisovla əməkdaşlığa başlamışdır. Bu əməkdaşlığın müsbət nəticələnməsi
sayəsində kənd sakinləri kommunal, mobil, bank və digər ödənişlərini asan və ən
qısa müddətdə həyata keçirə biləcək və onların rahatlığı təmin edilmiş olacaqdır.