23 sentyabr 2017-ci il tarixində, Sabirabad rayonunda Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü adlı Regional Konfrans keçirilmişdir. Tədbirdə "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, platformanın üzvü, "Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli, Avrasiya Əməkdaşlıq Fondunun Layihə meneceri Gülnarə İsmayılova, Sabirabad RİH-nin müavini Vahid Həsənov, 18 QHT, 25 icmadan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər. Konfransın keçirilməsində əsas məqsəd 19 may 2017-ci il tarixində Sabirabad rayonunda yaradılmış Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın genişləndirilməsi və Yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü layihəsinin nəticələrinin müzakirəsi olmuşdur.
Platformanın koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı, barədə ətraflı məlumat vermiş, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılmasının və onun tərkibinin daha da genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbir "Yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü” layihəsinin nəticələri barədə məlumatların verilməsi və layihə çərçivəsində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə "Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 25 hədəf icmada aparılmış sorğuların nəticələrinin təqdimatı ilə davam etmiş, mövzu ilə bağlı iştirakçıların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.
Konfransda həmçinin, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na üzv olmaq istəyən 17 QHT və 7 icma inkişaf şurasının müraciətləri səsə qoyularaq qəbul edilmişdir. Tədbir, Yerli Səviyyəli Platformaya qəbul edilmiş yeni üzvlərin Anlaşma Memorandumunu imzalamaları ilə yekunlaşdırılmışdır.
Konfrans Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Əflatun Verdiyev tərəfindən reallaşdırılan "Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” adlı layihə çərçivəsində keçirilmişdir.