“The National Interest” jurnalında Ermənistanın Laçın yolu ətrafında süni böhran yaratmaq cəhdlərindən bəhs olunub
ABŞ-ın nüfuzlu "The National Interest” jurnalında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqovun "Laçın yolu ətrafında Ermənistanın beynəlxalq miqyasda təşkil etdiyi süni böhran”a həsr olunmuş məqaləsi dərc edilib.
Məqalədə Ermənistanın Laçın ətrafında yaratdığı süni böhranla bir müddət əvvəl kövrək ümidlər vəd edən danışıqlar prosesinə ciddi şəkildə zərbə vurduğu qeyd olunur. Laçın yolundan əvvəllər minaların, silahların daşınması və qaçaqmalçılıq məqsədilə istifadə olunduğu xatırladılıb. Müəllif Laçın yolu ətrafında yaradılan süni böhrandan Ermənistanın alət kimi istifadə edərək məsələni BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası səviyyəsinə qədər gətirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Təhlükəsizlik Şurasının iclasında bəzi ölkələrin çıxışlarında humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etməmək çağırışı təsadüfi deyil. Ermənistanın apardığı kampaniya ilə Azərbaycana, beynəlxalq ictimai rəyə və BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə qarşı psixoloji və mənəvi təzyiq etməyə çalışdığı göstərilib.
Ermənistanın bu kampaniya vasitəsilə beynəlxalq ictimai rəydə guya "Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz” qənaətini yaratmağa çalışdığı diqqətə çatdırılıb. Bununla da, əslində, Ermənistanın danışıqlar prosesində əvvəlcədən səmimi olmadığı oxucuların diqqətinə çatdırılıb. Bu həqiqəti oxuculara izah etmək üçün 2021-ci ildə Ermənistanda parlament seçkilərindən sonra yeni hökumətin Qarabağ ermənilərinin Azərbaycandan xilas naminə ayrılmasına (remedial seccession) nail olması ilə bağlı öhdəlik götürməsi xatırladılıb. Ona görə də Laçın yolu ətrafında yaradılan süni böhranın da əsl məqsədinin buna xidmət etdiyi göstərilib. Məqalədə, eləcə də Qarabağdakı ermənilərin yaranmış vəziyyətin girovuna çevrildiyi qeyd edilib. Nəticədə isə digər dövlətlərə xatırladılıb ki, əgər onlar həqiqətən də Qarabağdakı ermənilərin "humanitar böhran”la üzləşdiklərinə inanırlarsa, o zaman bilməlidirlər ki, humanitar yüklərin çatdırılması üçün Ağdam yolu açıqdır.