Fevralın 24-də Nizami Kino Mərkəzində "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi "13” adlı bədii-sənədli filmin
təqdimat mərasimi keçirilib. Xocalı itkinlərindən 13 nəfərin naməlum
taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və
itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas
prioritetlərdən biridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə
əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini
və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın
aşkarlandığı bildirib.
Bədii-sənədli filmin müəllifi "Obyektiv” Milli Dəyərlərin Təbliğinə
Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz
Əsgərov film üzərində peşəkar komandanın
aylarla gərgin iş apardığını diqqətə çatdırıb.
Filmin rejissoru Elçin Elxanlı Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.
Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır.
Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz
kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc
əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə
cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada
saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum
istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.
Təqdimat mərasimində çıxış edənlər itkinlər mövzusunda bu cür peşəkar
işlənilmiş QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli
fimlərə böyük ehtiyac olmasından danışıblar.
Filmi fevralın 26-da saat 21:00-da AZTV-də izləmək mümkündür.
Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub
Bundan başqa, filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.