31 mart soyqırımı tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası "əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd edib. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu. Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirəndə məlum olur ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib.