Aprelin 22-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp şirkəti arasında potensial su layihələri üzrə Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Əməkdaşlıq çərçivəsində Göyçay, Tovuz, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında kənd icmalarının içməli və suvarma suyu ilə təminatını yaxşılaşdıracaq layihələr həyata keçiriləcək.
Sənədi ADSEA sədrinin müşaviri Əsəd Şirinov və bp şirkətinin Xəzər
regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli imzalayıblar.
İmzalanma mərasimində ADSEA sədrinin müşaviri Əsəd Şirinov bildirib ki,
Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı
mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir:
"Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su
ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində həyata
keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərin, eləcə də
Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi
Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.
Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi, COP 29 kimi mötəbər bir tədbirin
Azərbaycanda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə
ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə
töhfəsinin bariz nümunəsidir”.
bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnunuq: "Diqqətimizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik”.
Əməkdaşlıq çərçivəsində 3 layihənin icrası nəzərdə tutulur. Birinci layihə çərçivəsində Göyçay rayonunda yeni su təchizatı sistemləri yaradılacaq. Yeni sistemin imkanlarından istifadə etməklə yağış sularının toplanması, çökdürülməsi, təmizlənməsi təmin olunacaq və əkin sahələrinin suvarılması üçün istifadə ediləcək.
Sistemin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur ki, bu da 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.
İkinci layihə Tovuz rayonunda 2 kəhrizin bərpasını nəzərdə tutur. Bərpa işlərindən sonra kəhrizlərin məhsuldarlığı il ərzində 2,5 milyon kubmetrə çatdırılacaq. Bu da 15 min nəfərə yaxın sakinin içməli və məişət su təchizatını ödəyəcək, eləcə də torpaqları suvarma suyu ilə təmin edəcək.
Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli və suvarma suyu, həmçinin sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihədən 20 kəndin 25 minə yaxın sakini faydalanacaq.
2 il ərzində həyata keçiriləcək layihələrin ümumi dəyəri 2,6 milyon ABŞ dollarından artıqdır.