Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA
Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı
ilə QHT-lər üçün "İqlim Dəyişmələri və COP” mövzusunda təlimin rəsmi
açılış mərasimi keçirilib. Təlimdə 100 QHT-dən nümayəndələr iştirak
edir. Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının
QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri
Tural Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti COP29-a ciddi
hazırlaşır. Qlobal iqlim dəyişmələri, COP mövzusu olduqca geniş
olduğundan ictimaiyyətin düzgün məlumatlandırılması, yeni istiqamət olan
bu sahədə biliklərin artırılması çox vacibdir: "Cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal siyasətə təsir göstərən
addımları ilə dünyada böyük hörmət və nüfuz qazanıb. İqlim dəyişmələri
səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada
dövlətlərinə yardım Azərbaycanın COP29 ölkəsi kimi əsas qlobal
təşəbbüslərindən biridir. Azərbaycan həmçinin müharibə aparan dövlətləri
"COP atəşkəsi” təşəbbüsünə qoşulmağa, silahı yerə qoymağa, danışıqlar
masasına keçməyə çağırır. Bu mənada COP29 həm də dünyaya sülh mesajıdır.
Sevincirici haldır ki, Azərbaycan QHT-ləri öz fəaliyyətində bütün bu
çağırışları və spektrləri nəzərə alır, tərəfdaşlarını, dünya
dövlətlərini COP üçün vacib sənədlərdən biri olan İkillik Şəffaflıq
Hesabatlarını (BTRs) vaxtında təqdim etməyə həvəsləndirir”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA
Universiteti və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə
təşkilatçılığı ilə "İqlim dəyişmələri və COP” mövzusunda təlimin
keçirilməsini yüksək qiymətləndirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva
bildirib ki, Agentlik bundan sonra da QHT-lərin bilik və bacarıqlarının
artırılması üçün vacib proqramlar icra edəcək.
Prezident Administrasiyasının nümayəndəsi Mərziyə Vəkilova-Mərdəliyeva
qeyd edib ki, "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" milli prioritet
kimi qarşıya qoyulub. O, artıq Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvan
MR-nın yaşıl enerji zonaları elan olunduğunu vurğulayıb. Qeyd edək ki,
ADA-da təşkil olunan peşəkar təlimdə QHT-lər iqlim dəyişmələri
konseptləri, bu sahədə əsas meyil və təzahürlər, BMT-nin İqlim
dəyişmələri haqqında Çərçivə Konvensiyasının əsas müddəaları ilə
yaxından tanış olacaq.
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
Yekunda təlim iştirakçılarına sertifikatlar veriləcək.