Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizəyə qalxan
QHT-ləri birləşdirən "Environmental Protection First” Koalisiyası bu gün
Bakı Biznes Mərkəzində "Ermənistan Respublikasının mineral xammal
resursları” adlı xəritəni ictimaiyyətə təqdim edib.
Xəritəni Koalisiyaya daxil olan "Azərbaycan Kartoqrafları” İctimai
Birliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərində hazırlayıb.
Xəritənin müəllifi kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik
mühəndis-kartoqraf, Bakı Kartoqrafiya Fabrikinin sabiq direktoru,
"Azərbaycan Respublikasının Milli Atlası”nı, "Cənubi Qafqaz. 1903-cü
il", "Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib
edən kartoqraf qruplarının rəhbəri, "Azərbaycan Kartoqrafları” İctimai
Birliyinin sədri Müqabil Bayramovdur. O, 2020-ci ildə ətraf mühitin
mühafizəsi sahəsində xidmətlərinə görə 3-cü dərəcəli "Əmək” ordeni ilə
təltif olunub.
Xəritə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji
təsirlərini ifşa etmək üçün mühüm məlumatları özündə toplayıb. Xəritədən
aydın görünür ki, Ermənistan bilərəkdən ətraf mühitə ən çox zərər vuran
dağ-mədən sənayesi müəssisələrini əsasən Qərbi Zəngəzur bölgəsinə -
Azərbaycan Respublikası ilə həmsərhəd, transərhəd çaylara yaxın
ərazilərə cəmləşdirib. Gürcüstan ilə sərhədyanı ərazilərdə də mineral
yataqların işlənilməsi üstünlük təşkil edir.
Təqdimat mərasimində çıxış edən "Azərbaycan Kartoqrafları” İctimai
Birliyinin sədri Müqabil Bayramov ilk öncə Ermənistanın coğrafi baxımdan
Azərbaycan ərazisindən keçən Kür və Araz çayların yuxarı hövzəsində
yerləşməsinə diqqət çəkib: "Kür və Araz çaylarının yuxarı və orta axın
hissələrindəki qolları olan Pəmbək (Debed), Abarançay, Zəngiçay,
Vediçay, Arpaçay, Mığrıçay, Oxçuçay və Bazarçay hövzələrində
Ermənistanın mədən sənayesi işləri Azərbaycan ekologiyasına zərbə vurur.
Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki,
transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan
dövlətindən icazə alsın”.
"Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi,
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri
Sabit Bağırov bildirib ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq,
Ermənistan hökuməti və bu ölkədə dağ-mədən işləri görən xarici şirkətlər
gördükləri işlərə dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
sənədlərini təqdim etmir, gizlədirlər: "Biz bu sənədlərin ictimaiyyətə
açıqlanmasını tələb edirik. "Ermənistan Respublikasının mineral xammal
resursları” adlı xəritədə müəssisələrin necə yerləşməsinə baxmaq
kifayətdir ki, problemin qlobal miqyası aydın olsun”.
Geologiya və Geofizika İnstitutunun Dinamik geologiya şöbəsinin rəhbəri,
geologiya-mineralogiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Tələt
Kəngərli "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin ərsəyə gətirdiyi
kartoqrafik əsəri yüksək qiymətləndirib: "Xətirə materialın zənginliyi
ilə səciyyələnir və əhəmiyyətli məlumat bazasıdır”.
"AzerGold” QSC-nin İdarə Heyəti sədrinin geoloji məsələlər üzrə
müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev
bildib ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən
müəsissələrindən atılan zərərli kimyəvi maddələr transsərhəd suları
vasitəsi ilə axıdılaraq Araz və Kür çayları vasitəsi ilə Xəzər dənizinə
tökülür. Bu isə ekoloji fəsadların miqyasını daha da artırır:
"Ermənistan Respublikası ərazisini şərti olaraq 4 iri "filiz-mədən
rayonu”na ayırmaq olar: Qacaran-Qafan, Mehri-Leyvaz, Zod-Сermuk/Amulsar,
Alaverdi-Ağtala. Təkcə onu demək kifayətdir ki, Qacaran yatağında illik
emal gücü 12.8 milyon ton filizdir. Burada kükürd tərkibli atıqlar
ətraf mühit üçün təhlükədir. Qafanda isə illik emal gücü 50-65 min
unsiya qızıldır. Burada isə kimyəvi maddə kimi flotasiya reagenləri
tətbiq edilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri,
"Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi,
"Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini
Amin Məmmədov Ermənistan hökumətindən tələb edib ki, Cənubi Qafqazda
ekologiya və səhiyyə böhranı yaradan dağ-mədən sənayesi müəssisələrinin
qapılarını ekoloji monitorinqlər üçün açsın: "Biz Cənubi Qafqaz regionu
üçün ekoloji ədalət tələb edirik, Ermənistandan ətraf mühitə ziyan vuran
fəaliyyəti dərhal dayandırmalı, beynəlxalq konvensiyalardan irəli gələn
öhdəliklərini yerinə yetirməlidir”.
Tarix və Etnologiya İnstitutunun elmi işçisi Nazim Mustafa hər 3 dildəki
xəritələrdə adların milli toponimlərlə göstərilməsini yüksək
qiymətləndirib: "Xəritənin erməni dilində olması Ermənistan
ictimaiyyətinin də gözünü açacaq. Onlar necə aldadıldıqlarının fərqinə
varacaqlar”.
"Azərbaycan Kartoqrafları” İctimai Birliyinin
mühüm mövzuya həsr olunmuş kartoqrafik əsər layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Xatırladaq ki, ötən il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi
ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş
müşavirədə dövlət başçısı deyib: "Qarabağ və Şərqi Zəngəzur ekoloji
fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı
müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş
torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın
vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub… İndi
transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada
sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq
konvensiyalara əsaslanır, o cümlədən Espoo Konvensiyasına, bunu hər kəs
internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların
çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji
təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə
mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu
gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ
ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və
ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və
qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar.
Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda
qalmamalıdır”.
Dövlət başçısı müşavirədə Azərbaycan vətəndaş cəmiyyətinin bu
istiqamətdə fəaliyyətini təqdir etmiş, Ermənistanı bu təhlükəli
praktikadan əl çəkməyə
çağırmışdı: "Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim
buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma
əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada
təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz
çayına, Oxçuçayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə
imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində,
beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq
diqqətdə saxlamalıyıq”.
Bakı Biznes Mərkəzinə toplaşmış QHT-lər
Ermənistanın dağ-mədən sənayesi müəssisələrində ekoloji monitorinqlərin aparılmasını vacib sayıblar.
Agentliyin dəstəyi ilə Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
"Environmental Protection First” Koalisiyası bəyan edib ki, Ermənistanın
və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət
göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə
Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər aparmağa
hazırdır.