Qafqaz coğrafi ərazisi böyük olmayan, lakin öz dilini və adət-ənənəsini qoruyub saxlayan, müxtəlif mədəniyyətləri özündə cəmləyən regiondur. Son dövrlərdə Qafqazda baş verən münaqişələr insanları öz torpağını tərk etməyə və qaçqın həyatını yaşamağa vadar edib. Ən çox ziyan çəkən uşaqlar və gənclərdir.
2008-ci ilin sonundan başlayaraq, "Ümid” SİD ACİYF-nin "Qafqazda Təhsil Təşəbbüsü”nə qoşulmuş və bu müddət ərzində "Təhsildə bərabərlik” (social cəhətdən həssas uşaqların təhsil problemlərinin monitorinqi) , "Sabah bu gündən başlayır”(UYŞH) kimi layihələrin yerinə yetirilməsində yaxından iştirak edərək, gənclərin bacarıqlarinin artırılmasına və social problemlərinin həllinə dəstək vermişdir. Bu kimi layihələrin davamı olaraq, 2011-ci ilin yanvar ayından ACİ-YF-nin maliyyə dəstəyi ilə Təhsilə Dəstək proqramı çərçivəsində həyata keçirilən "Qafqazda mədəniyyətlərarası əməkdaşlığa dəstək” layihəsinin əsas məqsədi Qafqazda müxtəlif mədəniyyətlərdən olan gənclər arasında əməkdaşlığa dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün beynəlxalq düşərgənin təşkili vəzifə kimi qarşıya qoyuldu.
"Ümid”, "Buta” (Azərbaycan), "Müəllimlər Assosiasiyası” (İnquşetiya), "Stimul” (Çeçen) təşkilatların birgə səyinin nəticəsində beynəlxalq düşərgə yarandı və uşaqların istəyi ilə düşərgəyə "Raduqa” adı verildi. Bu təşkilatların hər birindən müxtəlif millətlər arasında mədəni mühit üzrə 2 peşəkar təlimatçı olmaqla 8 təlimatçı "Mədəniyyətlərarası ünsiyyət” mövzusunda uşaqlara bir neçə təlim verdilər.
2011-ci ilin avqust ayının məlumatına əsasən, beynəlxalq düşərgənin 32 üzvü vardır ki, onlar çeçen, inquş və Azərbaycanın müxtəlif rayonlarından köçkün uşaqları təmsil edirdi. Düşərgədə olduqları zaman uşaqlar müxtəlif idman, əyləncə və intellektual oyunlarında iştirak edərək, kollektiv işlərə cəlb edilərək, öz ünsiyyət və təqdimat bacarıqlarını və tənqidi təfəkkürünü inkişaf etdirməyə nail oldular. Bu yollarla uşaqlar öz mədəni irslərini, adət, ənənələrini digərləri ilə bölüşmək imkanı qazandı.