Qısa İcmal

"Ümid” SİD 26 illik fəaliyyəti dövründə ölkədə bacarıqların artırılması, institusional inkişaf, eləcə də icma inkişafı sahəsində aparıcı məsləhətçi təşkilat kimi yerli hökumət orqanları, BP şirkəti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Dünya Bankı kimi təşkilatlarla əməkdaşlıq etmiş, məsləhət xidməti və inkişaf layihələrinin icrasında iştirak etmişdir. "Ümid” SİD bu təşkilatlarla uzunmüddətli əməkdaşlıq vasitəsilə ciddi uğurlara imza atmış, layihələr çərçivəsində icma inkişafı üzrə informasiya-məsləhət xidmətinin təşkili, hədəf qruplar üçün təlimlərin, məlumatlandırma sessiyalarının, kouçinq, iş yerində təlimlərin, Təlimçilər üçün Təlimlərin keçirilməsi və əldə edilən təcrübə və biliklərin sahələrdə hədəf qruplara ötürülməsi, layihə çərçivəsində nəzərdə tutulan festivalların təşkilində aktiv iştirak, dəyər zəncirlərinin yaradılması və inkişafı, İcma İnkişaf Mikro-Layihələrinin inkişaf edən metodologiyasının Xərc-Gəlir Təhlilinin aparılması üzrə təcrübələrinin bölüşdürülməsi, Usta yanında Şagird Hazırlığı metodu və s. kimi innovativ icma yanaşmaları ilə rifahın yaxşılaşdırılmasına təkan vermişdir.   

 

"Ümid” SİD öz fəaliyyəti dövründə Azərbaycanın əksər regionlarını əhatə edən 300-dən çox yerli kənd icmasının səfərbər olunması, İcma Qruplarının formalaşdırılması, maarifləndirilməsi, bacarıqlarının artırılması, maraqlı tərəflərin cəlbi, iştirakçılıq vasitəsilə təşkilatlanması, şəbəkələşməsi və şəffaf,  özünü təmin edən icma əsaslı təşkilatlara çevrilməsinə dəstək vermişdir.

"Ümid” SİD İcma İnkişafı, icma layihələrinin idarəolunması üzrə təlimatlar tərtib etmiş, məqalələr dərc etmiş (Azərbaycanın İqtisadi İnkişaf Modelinin formalaşmasında icma inkişafının rolu (nümunələr əsasında), İcmalarda İqtisadi İnkişaf və Məşğulluq İmkanlarının Artırılması), "Vətəndaş cəmiyyətinin inkişafında icma menecmentinin (inkişafının) rolu” metodik vəsaiti, "İcma inkişafı və cəmiyyət münasibətlərində yeni tendensiyalar” fənn proqramı hazırlamışdır."Ümid” SİD icmaların inkişafı üzrə layihələri həm biznes qurumları (BP, Coca-Cola), həm də beynəlxalq inkişaf sahəsində işləyən təşkilatlarla (ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Dünya Bankı) məsləhət və əməkdaşlıq vasitəsilə həyata keçirmişdir.

2000-ci ildən bəri "Ümid” SİD yüzlərlə icma və bələdiyyə, onlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək Azərbaycanın müxtəlif regionlarında onlarla Sosial İnkişaf layihəsi həyata keçirmişdir. Bu layihələrin təsiri nəticəsində 1000-dən çox gənc müxtəlif peşə kurslarına cəlb edilmiş, onlarla kiçik müəssisə qurulmuş, 800 gənc iş tapmış, onlarla icmanın infrastruktura çıxışı yaxşılaşdırılmışdır. Belə ki, 6 icmada Süd toplama məntəqələri tikilmiş, 37 icmanın içməli suya, 10 icmanın tibbi xidmətə, 59 icmanın yol infrastrukturuna, 47 icmanın təhsil müəssisələrinə çıxışı yaxşılaşdırılmış və yüz minlərlə ailənin gəlirləri artmışdır.

Beynəlxalq İnkişaf Agentliyi/CHF-in donorluq etdiyi "Azərbaycanda İcmanın İnkişafı” Proqramı çərçivəsində "Ümid” SİD tərəfindən icma və klaster layihələrinin icrasının tamamlanması yolu ilə iqtisadi imkanların genişləndirilməsi iqtisadi infrastrukturu yaxşılaşdırmış və Mikro, Kiçik və Orta Müəssisələrin potensialını artırmışdır. Belə ki, hədəf ərazilərdə içməli su təchizatı, yeni transformatorların və elektrik təchizatının quraşdırılması, suvarma arxlarının tikintisi və bərpası, məktəblərin idman zallarının və dam örtüklərinin təmiri, uşaq meydançalarının tikintisi və tibb məntəqələrinin bərpası üzrə ümumilikdə 156 layihə həyata keçirilmişdir. Layihələrdən ümumilikdə 240 357 nəfər (139 197 qadın, 101 160 kişi) faydalanıb.