"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi ("Ümid” SİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək” təşəbbüsü layihəsinin icrasına başlayıb. Layihə 01 sentyabr - 30 noyabr 2022-ci il tarixini əhatə edir. Layihənin hədəf ərazisi Bakı şəhəri nəzərdə tutulmuşdur.
Layihənin əsas ideyası hədəf məktəblərdə a) icma-məktəb (valideyn-müəllim, məktəb-valideyn, sahibkar-icma və s.) münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsiimkanlarının, b) icma üzvlərinin (icmada fəaliyyət göstərən sahibkarların, icmada yaşayan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının, valideynlərin və s.) təhsil prosesində iştirakının artırılması üçün lazım olan mühit amillərinin müəyyənləşdirilməsindən və bu münasibətlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasından ibarətdir.
Ümumilikdə, layihənin əsas məqsədi icma-məktəb münasibətlərinin təkmilləşdirilməsi üçün təkliflər paketinin hazırlanmasıdır. Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
Vəzifə 1: Hədəf icmalarında icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi
Bu fəaliyyət çərçivəsində ilkin olaraq layihənin məqsəd və vəzifələrini və gözlənilən nəticələri əhatə edən "1 səhifəlik” məlumat hazırlanacaq, sosial media və müxtəlif saytlarda yayımlanacaq, müvafiq dövlət orqanlarına məlumat göndəriləcəkdir. İlkin tanışlıq məqsədilə hədəf məktəb direktorları ilə görüşlər təşkil olunacaqdır. Daha sonra ən azı 2 ədəd sorğu blankı hazırlanacaq və müzakirəsi məqsədilə 30 nəfərin iştirakı ilə bir görüş keçiriləcəkdir. Sorğu blanklarının yekun versiyası hazır olduqdan sonra bütün sinifləri əhatə edən şagirdlərin valideynləri (100 nəfər valideyn) daxil olmaqla ən azı 50 nəfər müəllim, 10 nəfər sahibkar, 10 nəfər icmada yaşayan və ya icma ilə münasibətləri olan nüfuzlu şəxs, 5 nəfər yerli hökumət orqanlarının nümayəndəsi ilə (cəmi 175 nəfər) sorğular keçiriləcəkdir.
Vəzifə 2: Sorğuların nəticəsinin təhlili, nəticələrin icma nümayəndələri, məktəb kollektivləri, təhsil ekspertləri və QHT-lərlə müzakirəsi
Bu fəaliyyət çərçivəsində keçirilmiş sorğuların nəticələri təhlil olunacaq, valideyn-müəllim, məktəb-valideyn, sahibkar-icma münasibətlərinin mövcud vəziyyəti, sahibkarların, icmada yaşayan və ya icma ilə əlaqəsi olan nüfuzlu şəxslərin, yerli hökumət orqanlarının və valideynlərin təhsil prosesində iştirakının artırılması üçün verilən təkliflər təhlil olunacaqdır. Aparılmış təhlillərin nəticələri ən azı 10 nəfər müəllim və məktəb direktoru, 2 nəfər yerli hökumət nümayəndəsi, 2-3 nəfər icmada fəaliyyət göstərən sahibkar və nüfuzlu şəxslər, 2 nəfər təhsil eksperti və təhsil sahəsində fəaliyyət göstərən QHT nümayəndələrinin (cəmi 30 nəfər) iştirakı ilə təşkil olunmuş dəyirmi masada müzakirə ediləcəkdir. Bu dəyirmi masada verilən təkliflər və rəylər ümumiləşdirilərək yekun təkliflər paketi hazırlanıb Elm və Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Layihə çərçivəsində icma üzvləri, müəllim, icma sahibkarlarını əhatə edən 200 nəfərdən çox şəxs icma-məktəb münasibətlərinin vacibliyini anlayacaq, onun haqqında rəy bildirəcək və bunun nəticəsində məktəbə və təhsilə ictimai münasibətin artmasına təsir göstərəcəklər. Təhsil Nazirliyinə təqdim olunacaq təkliflər paketi aztəminatlı təbəqənin təhsil prosesində iştirakı kimi fərqləndirici xüsusiyyətə malik olacaq və Təhsil Nazirliyi bunu tövsiyə kimi məktəblərə təqdim edə bilər.