BMT QAK tərəfindən maliyyələşdirilən MK üçün peşə təlimi layihəsi üzrə valideyn Həsənova Gülü tərəfindən uğur hekayəsi
Qarabağ döyüşündə həyat yoldaşımı itirdim. 1993-cü ilin noyabr ayında 3 körpəmlə Sumqayıt şəhərində uşaq bağçasının kiçik bir yarımçıq tikintisində müvəqqəti məskunlaşdıq. Həyat uğrunda mübarizə bundan sonra başladı. Körpələri böyütmək, onların sağlamlıqlarını qorumaq, təhsil vermək tək mənim üzərimə düşdü. İdarə, müəssisələrdə, məktəblərdə xadiməlik edərək onları böyütdüm. Lakin maddi cəhətdən korluq çəkdiyimiz üçün heç biri ali təhsil ala bilmədi Mobil telefonların təzə çıxan vaxtı idi. Oğlumun bu sahəyə marağını görüb istədim ki, onu telefonların təmiri sahəsinə aid bir usta yanında yerləşdirim. Lakin hansı ustaya müraciət etdimsə məndən onu öyrətmək üçün pul istədilər. Bu radələrdə icma lideri mənə şad bir xəbər verdi. Belə ki, "Umid” adlı yerli qeyri-hökumət təşkilatı köçkün gənclərə pulsuz müxtəlif tipli sənətlər öyrədirdi. Ərizə yazıb seçimdən keçdi və 6 aylıq mobil telefon təmiri sahəsi üzrə kursu müvəffəqiyyətlə bitirdi. Bir neçə il bu sahə üzrə bilgilərini artıraraq kamil ustaya çevrildi. Vaxtı ilə usta yanında şagird olan oğlum artıq bir neçə ildir ki, bu təşkilatın nəzdində şagirdlər öyrədir. Çox sağ olsun UNHCR və PRM təşkilatı. Bu təşkilatın maddi dəstəyi ilə qrant alaraq oğluma müasir tipli 1 ədəd Noutbook alınıb verildi. Artıq o, şagirdlərə mobil telefonlara müasir tipli proqramların köçürülməsini və digər əməliyyatları asanlıqla öyrədir. Bu yaxşılığa görə "Umid” təşkilatına, xüsusilə də donor təşkilatlara öz dərin minnətdarlığımızı bildiririk.