ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə 2009-cu ildən bəri həyata keçirdiyimiz "Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək”layihəsi bizə yaşayış tərzləri və həyat keyfiyyətləri baxımından aralarında böyük təzadları olan qütbləri xatırlatdı. Bir qütbdəki ailələrin maddi ehtiyacları özlərindən xəbərsiz avtomatik halda qarşılandığı, evlərində bütün müasir texnoloji avadanlıqlar və kifayət qədər cazibədar ailə büdcəsi olduğu halda, digər qütbdə Ağayevlər ailəsi kimi ailələr yaşamaq uğrunda mübarizə aparmağa çalışır… və sadə bir paltaryuyan maşının alınması onlar üçün həyata yenidən bağlanma səbəbi olur…

 

 

Sağda təsvir olunan fotoşəkildə ehtiyac ucbatından Gəncə şəhərindəki ikiqatlı və hər şəraitli evini satıb, aldığı vəsaitin bir qədəri ilə tam mənası ilə sadəcə başlarını yağıdan-qardan qoruya biləcək bir dam tikib orada yaşamağa başlayan Ağayevlər ailəsinin Samux rayonu, Seyidlər kəndindəki evi əks edilmişdir. Bu evdə hekayəmizin qəhrəmanı Aygün Ağayeva, onun fiziki qüsurlu həyat yoldaşı, üç uşağı, gözdən əlil baldızı və yaşlı qayınatası yaşamağa çalışır. Ailədə yeganə əmək qabiliyyətli insan Aygün Ağayevadır, və ailənin bütün ehtiyaclarını o qarşılayır. Fiziki qüsurlu yaxınlarının, uç azyaşlı uşağının, yaşlı ailə böyüyünün bütün təmizlik, qidalanma və sair ehtiyaclarını qarşılayan Aygün xanımın əsas resursu tək böyük baş heyvanı, əsas vasitəsi – zəhmətkeş əlləri və gəlir mənbəyi də həmin inəyindən sağdığı 4-5 litr südün satışından bütün xərclərdən sonra əlində qalan vəsaitdir. Ən azından bu, qısaca olaraq "Süd layihəsi” adlandırdığımız yuxarıda adı çəkilən layihədən əvvəl belə idi.

 

 

Əvvəllər heç heyvandarlıq üzrə təcrübəsi olmayan Aygün xanımın iş günü dan yeri söküləndən başlayır, südü sağıb, səhər bazar açılana qədər bütün ev işlərini edib bitirəndən, uşaqlarını məktəbə yola salandan, baxıma ehtiyacı olanların təmizliyini edib, doyurduqdan sonra gündəlik 4-5 litr südü əlinə alıb, rayon mərkəzinə gedən avtobusun yoluna çıxırdı. Təbii ki, bazara çatana qədər əgər hələ də süd təzə qalır və korlanmırdısa, satır, 1, 1.5 litr südün pulunu yola verib, əlində qalan cüzi vəsaiti də qida məhsullarına və yaxud digər ehtiyaclara görə xərcləyib evə qayıdırdı. Bu gedişlə, təbii ki, evində çox ehtiyac duyduğu avadanlıqları almaqdan söz belə açıla bilməzdi. Bu ürəksızladan mənzərədə yeganə nikbinlik və gələcəkdə ailənin ümidi – Aygün xanımın sosial cəhətdən fəal olmağı və kəndlərində həyata keçirilən "Süd layihəsinə” həvəslə qoşulmağı oldu.

 

 

Aygün xanım layihəyə cəlb olunduğu ilk gündən aparılan bütün maarifləndirici müzakirələrdə, bacarıqların artırılması təlim və tədbirlərində yaxından və diqqətlə iştirak etdi. Mal-qaraya qayğıkeş və diqqətli münasibətin və vaxtlı-vaxtında baxımın, heyvanların saxlanma şəraitlərinin və bəslənmə şəkil və keyfiyyətinin, südün toplanma şəklinin, vaxtının və təmizliyin məhsuldarlığın və keyfiyyətin artmağında nə qədər müstəsna əhəmiyyətə malik olduğunu öyrəndi. Əldə edilən məhsulun saxlanma şəraitinin, təhvil verilmə vaxtının qazanılan gəlirlə əlaqəsini, müştərilərlə ünsiyyət, satış mədəniyyəti və s mövzularda artan bacarıqları Aygünə kifayət qədər özünə inam qazandırdı. Kredit institutları ilə əlaqənin gətirəcəyi yeni imkanlar barəsində məlumatlılığı artdı və təsərrüfatını genişlətmək perspektivləri barəsində düşünməyə başladı.

 

 

İcmada süd toplama məntəqəsi tikildikdən sonra Aygün südü məntəqəyə təhvil verməyə başladı. Bununla da, o həm vaxtına qənaət etdi, həm də əlavə xərclərdən azad oldu. Təhvil verdiyi südün pulunu vaxtlı-vaxtında alan Aygün indi də yavaş-yavaş ev təsərrüfatını yaxşılaşdırmaq planları qurdu və paltaryuyan maşın üçün kredit təşkilatına müraciət etdi. İndi o, süd toplama məntəqəsinə təhvil verdiyi südün pulunu nəğd alaraq hər ay kreditini ödəyir.

 

 

Aygün xanımın növbəti planı kənd təsərrüfatının inkişafına kredit verən müəssisələrdən birinə müraciət edib kredit almaq və mal-qarasının sayını artırmaqdır. İkinci bir heyvana görə alacağı krediti çox rahat ödəcəyinə inanan Aygün bu nikbinliyi və inamı onda yaradan ABŞ BİA-ya, BP və Ümid təşkilatına minnətdardır.