Azərbaycana pənah gətirmiş qaçqın və sığınacaq axtaran şəxslərin yeniyetmə və gənclik dövrləri müharibə və konfliklərə düşdüyündən onların çoxu təhsil və peşə əldə etmək imkanlarından məhrum olmuşlar.
Daimi gəlir mənbəyi olmayan bu insanlar yalnız aldıqları məhdud yardımla yaşamağa məcburdurlar.
2003-cü ildən bu günə qədər BMT QAK-ın donorluğu ilə ən aztəminatlı və əlil ailə üzvünə malik olan sığınacaq axtaranlar üçün həyata keçirilən «Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranların bacarıqlarının artırılması və maddi-texniki dəstək» layihəsindən hər il olduğu kimi cari 2009-ci ildə də təkcə aztəminatlı sığınacaq axtaran əhali deyil, həm də fiziki cəhətdən qüsurlu - əlil təbəqə də faydalanır. Bu şəxslərin təhsil almaq və ya hər hansı peşə öyrənmək, cəmiyyətin fəal üzvlərinə çevrilmək arzuları olsa da bir təkana ehtiyacları var.
Kurslara cəlb edilmiş əlillər arasında iki nəfər daha çox diqqət çəkmişdir. Bunları başqa əlillərdən fərqləndirən cəhət onların eşitmə -danışma qabiliyyətlərindən məhrum olmalarıdır.
Tsamxayeva Maret Çeçenistan vətəndaşıdır. Onun 15 yaşı var. Valideyinləri müraciət edərək onu bacısı ilə birgə dərzi kurslarına qəbul edilməsini xahiş etdilər. Bu çox məsuliyyət tələb edən bir iş olduğu üçün tərəddüdlər var idi. Etiraz da ümidləri puç edərdi.
Usta Sarkarova Saymət xanımla məsləhətdən sonra Maretə bir şans vermək qərara alındı. Artıq iki aydır ki, Maret digər həmyaşıdları ilə birgə təlimlərdə iştirak edir və dərzi peşəsinə yiyələnir. Bu işdə ona bacısı Marxa çox böyük dəstək olur. O ustanın dediklərini əl işarələri ilə bacısına başa salır. Valideynləri övladlarinin tam sağlam və normal uşaqlarla birgə təlim almasından çox məmundurlar. Onlar təlimə gələn müddət ərzində qızlarında bir çox müsbət cəhətlər aşkar etdiklərindən sevinclə danışırlar. Əvvəllər insanlardan qaçan, təkliyə qapanan, heç bir iş görməyən Maret indi cəmiyyət arasında olmağa can atır, ev işlərinə köməklik göstərməyə çalışır və ən əsası, balaca bacısına gözəl paltarlar tikməyə səy göstərir. «Bu yaxınlarda təlim üçün verilən parçadan ustanın köməkliyi ilə o özünə yubka tikmiş və çox sevincək onu bütun tanışlara göstərmişdi» - söyləyərkən anası Makka göz yaşlarını gizlədə bilmədi.
Əfqanıstan vətəndaşı olan Cəmil Rezvan isə anasının xahişi ilə kömpyuter kurslarına cəlb edilmişdir. Rezvan üçün fərdi qaydada həftədə iki dəfə təlim keçirilir. İlk iki dərs sınaq dərsləri oldu. Qavrama qabiliyyətini yoxladıqdan sonra Rezvanın təlimə cəlb olunmasına qərar verildi. İndi Rezvan təlimə anasi Leyla ilə gəlir və təlimçinin dediklərini də anasinin vasitəsi ilə qavrayir. Təlimçi anaya əməliyyatları izah edir, o da öz növbəsində əl işarələri ilə Rezvanı başa salır. Az müddət ərzində Rezvan artıq bir neçə əməliyyatı sərbəst yerinə yetirə bilir. Rezvan hərfləri tanıyır, o oxumağı və yazmağı bacarır. Hazırda o, Word proqramını öyrənir. Kompyüterdə lazımi səviyyədə işləməyi öyrəndikdən sonra ona internetdə sərbəst işləmək üçün təlim keçmək planlaşdırılır. İinternetdən istifadə etməklə, Rezvan özü kimi qüsurlu gənclərlə tanış olaraq, dostluq əlaqələri quraraq həyatını rəngarəng etmək imkanı qazana bilər.«İnsanlara mühit verin, onlar xarüqələr yaradacaq» - devizi ilə yaşayan «Ümid» HSDM həm də insanlara sabaha inam və ümid ilə baxmağa köməklik edir.