13 Aprel 2008 –ci il tarixində «BTC / CQBK boyu icmalarda İçməli Su Təchizatının Yaxşılaşdırılması - mərhələ II» layihəsi çərçivəsində Ucar rayonunun Qarabörk kəndində Su təmizləyici qurğunun açılış mərasimi keçirildi və qurğu sakinlərin istifadəsinə verildi.
Həmin gündən başlayaraq Qarabörk İFQ üzvü Əli müəllim və qurğuya cavabdeh olan Məhəmməd kənd sakinlərini içməli su ilə təmin etməyə başladılar.
Qurğuda təmizlənmiş suyun keyfiyyəti kənd sakinlərini qane etdiyi üçün onlar mütəmadi olaraq su almağa başladılar. Su təmizləyici qurğunun fəaliyyətə başlamasına ən çox sevinənlərdən biri də kənd çayçısı Novruzəliyev Novruz oldu. Belə ki, kəndin girəcəyində çayxana sahibi olan Novruz, arx suyunu zəylə duruldaraq çay dəmləyib müştərilərə xidmət göstərirdi. Peşəkar çayçı nə qədər cəhd etsə də çay bulanıq, dadsız və ləzzətsiz olurdu. Sonra çayçı suyu Göyçay rayonundakı arteziandan gətirməyə başladı, ancaq çayın keyfiyyətində elə də müsbət dəyişiklik olmadı.
Qarabörk kəndində su təmizləyici qurğu istifadəyə veriləndən sonra çayçı Novruz da qurğuda təmizlənmiş sudan istifadə etmək qərarı aldı. Qurğu suyundan dəmlənmiş çayı içən müştərilər bu çayın çox ləzzətli və purrəngi olduğunu və susuzluğu yatırdığını deyərək razılıq etdilər. Çayın keyfiyyətli olması çayçı Novruzun çayxanasında müştərilərin sayının və gəlirinin artmasına səbəb oldu.
Qurğudan mütəmadi su alan çayçı Novruz ilə söhbət zamanı o, bu su haqqında çox maraqlı fikirlər söylədi: "Mən ölkəmizin bir çox regionlarda olmuşam, o yerlərin dadlı, pürrəngi çayından içmişəm. Həmişə arzu edərdim ki, kaş mən də müştərilərimə belə ətirli və pürrəngi çayla xidmət göstərərdim. Mənim çayxanam magistiral yolun və rayon mərkəzinin yaxınlığında yerləşməsinə baxmayaraq müştərilərim çox az olurdu. Arxdan və arteziandan götürdüyüm su ilə çay dəmlədiyimə görə bir dəfə çay içən müştəri çox az hallarda ikinci dəfə bura çay içməyə gələrdi. Özüm də çaydanın kənarlarında xeyli ərp yarandığını və çayın bulanıq olduğunu görürdüm. Bu il kəndimizdə su təmizləyici qurğu tukildi. Mən qurğu suyundan istifadə etməyə başladım, bu suyun çox təmiz, şəffaf və hətta qaynayarkən çaydanda yaratmadığını gördüm. Yaxınlıqda işləyən fəhlələr, kənd sakinləri, bir sözlə müştərilərimin hamısı qurğu suyundan dəmlədiyim çayın dadlı və ləzzətli olduğunu söyləyirlər. Sifariş verəndə isə:- Bizə «qurğu çayı» gətir deyirlər".
Çayçı Novruz həm müştərilərinə yüksək keyfiyyətli pürrənği çay təklif edir, həm də bu əvəzzsiz nemətin əhali arasında geniş təbliğatçısına çevrilib.