Doğrudan da atalar misalında deyildiyi kimi, güc birlikdədir. Ucar rayonunun Qulabənd kəndində su təmizləyici qurğunu idarə edən «Şəfa Q» MMC-in fəaliyyətindəki uğurlu yüksəliş bu kəlamın doğruluğunu bir daha təsdiqləmiş oldu.
Belə ki, Qulabənd kəndində qurğu istifadəyə verildikdən sonra, «Şəfa Q» MMC-in rəhbəri Samir Məmmədov və təsisçi Namiqin məqsədyönlü və birgə apardığı işlər sayəsində təmizlənmiş suyun satışı uğurla təşkil edildi.
Lakin bir müddətdən sonra, Namiqin hərbi xidmətə yola düşməsi, ümumilikdə MMC-in fəaliyyətində ciddi geriləməyə səbəb oldu. MMC-in fəaliyyətində yaranan geriləmədən isə icma üzvləri əziyyət çəkirdilər. Qurğuda təmizlənmiş su kənd sakinlərinə vaxtlı-vaxtında çatdırılmır, bəzən isə çatdırılmada uzun müddətli fasilələr yaranırdı. Bütün bunlar isə kənd sakinlərinin haqlı narazılığına səbəb olurdu.
Ancaq «Şəfa Q» MMC-in təsisçilərindən biri olan Namiqin hərbi xidmətdən qayıdaraq MMC direktoru ilə birgə fəaliyyətə başlaması su satışını bir qədər artırdı. İki dost fikirləşərək suyun satışını daha səmərəli şəkildə təşkil etməyin yollarını axtarırdılar. Bu məqsədlə, «Şəfa Q» MMC-si «Ümid» HSDM tərəfindən su maşınlarının alınmasına dəstək məqsədi ilə keçirilən müsabiqədə öz layihə təkliflərini göndərərək iştirak etdi.
Lakin MMC-in əvvəlki zəif fəaliyyəti səbəbindən onlar müsabiqədə güzəştli şərtlərlə yeni su maşınının alınması şansından məhrum oldular. Ancaq bu iki gənc ruhdan düşməyərək suyun satışını təşkil etmək üçün nəqliyyat vasitəsinin axtarışına başladılar. Nəhayət, əldə etdikləri üç tonluq alüminium çəni icmada olan və istifadəsiz qalmış QAZ 53 markalı maşının bortuna montaj edərək suyun satışına başladılar.
Beləliklə, qurğuda təmizlənmiş su icma üzvlərinə vaxtlı-vaxtında çatdırıldığına görə onlar MMC-in işindən razı qalmağa başladılar. MMC-in daxili resursları hesabına suyun daşınmasına cəlb olunmuş nəqliyyatdan səmərəli istifadə olunduğu üçün dekabr ayında suyun satış miqdarı üç dəfə artdı.
Satış miqdarının yüksəlməsi MMC-in gəlirlərinin artmasına səbəb oldu və bu gəlirdən icma fonduna 20 manat vəsait köçürüldü. Bütün bu uğurlar məqsədyönlü, əzmkar və birgə fəaliyyətin nəticəsi idi.