Səlimə Nəzərova 31 yaşında 5 uşaqla dul qalıb. Həyat ona heç vaxt vaz keçməməyi öyrədib. Artıq 25 ildir ki, Səlimə xanım kitabxanaçı vəzifəsində çalışır. O, az maaşla hər şeyi ucu-ucuna çatdırır. Ama buna baxmayaraq hər zaman Şabran rayonu Gunəşli kənd sakinlərinin bacarıqlarının və biliklərinin artırılmasına çalışır. Fəal şəkildə müxtəlif tədbirlər təşkil edərək, icma üzvlərini bura cəlb edirdi. Səlimə həm ailəsində həm də yaşadığı kənddə həyatı canlı tutmağa çalışırdı…
Bugün icmanın ona daha çox ehtiyacı var… Çox adi səbəblərdən: 1967-ci ildə 8 km-lik məsafədən çəkilmiş su xətləri köhnəldiyinə və əhalinin sayı artdığına görə neçə ildir ki, kənddə su yoxdur. Su quyuları quruyana kimi suyun önəmini bilə bilmək mümkün deyil. Su mənbələri kənddən uzaq məsafədə yerləşdiyindən icma üzvləri, xüsusilə də qadınlar və uşaqlar gündə bir neçə dəfə 2 km məsafədən suyu əl arabaları ilə gətirməli olurdular. Bu onlar üçün əsasən, qış və yay aylarında həddindən artıq çətinlik törədirdi. İcma üzvləri həyatyanı sahələri suvarmaq üçün nəzərdə tutulan su arxlarının çirkli suyundan istifadə edirdilər. Hətta, qonşuların uşaqlara içmək üçün bir stəkan su tapmadığı günlər var idi…
Səlimənin qızları da anaları və qardaşları çörək pulu qazanmağa getdiyindən, su gətirmək üçün uzaq məsafəyə getməli olurdular. Nəticədə qızlar məktəbdə akademik fəaliyyətlərini inkişaf etdirə və universitetə qəbul ola bilmirlər.
2014-cü ilin Aprel ayında "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” proqramı çərçivəsində ən vacib məsələlərin həll edilə biləcəyi haqqında Günəşli icma üzvlərini məlumatlandırmaq üçün onlarla görüşdü. Səlimə 54 səslə 9 üzvdən ibarət icma qrupunun başçısı seçildi.
O, digər üzvlərlə birlikdə qarşıda duran işlərin öhdəsindən gələ bilmək üçün müxtəlif təlimlərdə iştirak edir. Daha sonra icma qrupu tək tək qapıları döyərək icma üzvləri ilə seçilmiş 5 prioritet üzrə məsləhətləşmələrə başlayır. Bununla da icma təhlükəsiz suya çıxışın təmin edilməsinin ən vacib məsələ olduğu qərarına gəlir. İcma və bələdiyyə layihənin icrasına yardım etməyə hazır idi. İnsanlar layihənin icrasının onların gündəlik yaşamları üçün nə qədər vacib olduğunu çox gözəl bilirdilər.
İşlər başladı. Təcrübəli icma üzvləri su xətlərinin sxemini tərtib etdi, quyular qazıldı, traktorlarla su boruları üçün xətlər qazıldı və 20 su çıxışı quraşdırıldı…
İndi son işlər bir aya başa çatdırılmalıdır. İnsanlar təmiz suya çıxış əldə etməklə yani, sağlam həyatla yeni ilə başladıqlarına çox sevinirdilər. Artıq su gətirmək üçün uzaq məsafələrə gedib vaxt sərf etmək, qabları necə yumaq, evləri necə təmizləmək hətta, adicə əlimizi necə yuyaq deyə düşünmək kimi bir problem qalmamışdı…
Səlimə Nəzərova icma üzvləri ilə birgə öz yaşadığı kənddə Avropa İttifaqının nümayəndələrini bu sözlərlə qarşıladı: "Su həyat mənbəyidir, su olmadan yaşaya bilmərik. İcmamızın hər bir üzvü təmiz suya çıxışımızı təmin etdiyi üçün Avropa İttifaqına minnətdardır. Su qədər uzun ömrünüz olsun!"