Sovet dönəmindən qalan tikililərin bir hissəsinin xarabalıqlara çevrilməsinə, bir hissəsinin isə uçulub-tökülməsinə baxmayaraq hələ də istifadə olunurdu. Rayon mərkəzindən cəmi bir neçə kilometr məsafədə yerləşən bu kənd elə bil ki, hamı tərəfindən unudulmuşdu.
Söhbət Sabirabad rayonunun Məmişlər kəndindən gedir. 2014-cü ilin yayında "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində "Ümid” SİD İB bu kəndə gəldi və bu gəliş kənddə bir canlanmaya səbəb oldu. Kənddə indiyədək olmayan bir yenilik gətirdi "Ümid”, səfərbərlik deyilən bir yenilik. "Ümid”in səfərbərlik çağırışına gözləniləndən də çox insan yığışdı. Bəlkə də bu kəndin tarixində toy və yas mərasimlərindən fərqli olan ilk belə tədbir keçirilirdi. Kənd sakinlərinin görüşdə olan fəallıqları həddən ziyadə çox idi. İllər uzunu qəlblərində düyünlənib qalmış fikirlər və təkliflər asanlıqla çözülürdü. Onlar dərd-sərlərini deyə biləcəkləri bir ünvan tapmışdılar. Qadınlı kişili yaşlılar da, cavanlar da, hətta məktəbli uşaqlar da öz fikirlərini bölüşür, sanki indiyədək niyə susduqlarına təəccüb edirdilər.
Bu bir fürsət idi. İnsanların bacarıqları və əhatəli fikirləri özünü göstərirdi. Belə fəallıq şəraitində kənd əhalisi öz içərilərindən liderlik qabiliyyəti daha çox olanları yeni yaratdıqları İcma İnkişaf Şurasına üzv seçdilər. Beləliklə, icma öz gələcək inkişafını təmin etmək üçün öz şura üzvlərini seçdi.
O günlər arxada qalmışdı, problemlər də təhlil olunmuşdu, onların həll yolları da. Sonda yeni tibb məntəqəsinin tikintisi ən vacib ehtiyac kimi önə çıxarılmışdı.
Onların "Ümid”ə və öz bacarıqlarına olan inamı böyüdü. Tikinti layihəsinə vəd etdikləri töhfə xarabalıqların və köhnəliklərin yeni bir ocağa çevrilməsinə gətirib çıxardı. Yenicə başa çatdırılmış bu tibb məntəqəsi binası inamın son nəticəsi idi.