Azərbaycanda "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində icmalararası inteqrasiyanın gücləndirilməsi və müsbət təcrübənin öyrənilməsi məqsədi ilə mütəmadi olaraq icmalararası təcrübə mübadiləsi ilə əlaqədar görüşlər, dəyirmi masalar keçirilir. Növbəti belə bir görüş Quba rayonu Alpan kəndinə baş tutdu. Görüşdə Quba rayonu Alpan, Aşağı Xuc və Xaçmaz rayonu Ləcət icmalarının İcma İnkişaf Şurası üzvləri, Bələdiyyə və İcra nümayəndələri də iştirak edirdi. Görüşdə çıxış edən Alpan İcma İnkişaf Şurası üzvləri icmanın yaranma tarixi və həyata keçirilmiş layihələr, layihələrin icra mərhələləri, qarşıya çıxan problem və çətinliklər, onların həlli yolları barədə ətraflı məlumat verdilər. Tədbirdə iştirak edən Alpan bələdiyyəsinin sədri S.Əzizov "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi ilə əməkdaşlığa başladıqdan sonra əldə edilmiş uğurlu nəticələr və müsbət təcrübə əsasında artıq yeni donorları icmaya cəlb etməklə kəndin problemlərinin həlli istiqamətində daha geniş miqyaslı iş apardıqlarını və buna görə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsinin icraçılarına minnətdar olduqlarını bildirdi. Tədbir iştirakçılarına həmçinin "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsinin Quba ofisinin əməkdaşlarının dəstəyi ilə hazırlanmış, Alpan icmasında icra olunmuş və gələcəkdə icra edilməsi planlaşdırılan layihələr barədə ətraflı təqdimat da nümayiş etdirilmişdir.
Təcrübə mübadiləsi görüşü "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində yenicə əməkdaşlığa başlamış Ləcət və Aşağı Xuc icmalarının nümayəndələrində müsbət təəssüratlar yaratmışdı. Tədbirdə çıxış edən Ləcət İcma İnkişaf Şurası üzvü G.Babayev çıxışında "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi barədə məlumatlarının olmasına baxmayaraq Alpan kəndində İcma üzvlərinin gördükləri işlər, əldə etdikləri nəticələrin yerində müşahidə edilməsi, layihələrin icrasında iştirak etmiş şəxslərlə birbaşa olaraq məlumat mübadiləsinin aparılması, layihəyə yeni qoşulmuş icmaların məqsədləri istiqamətində daha da həvəslə addımlaması ilə nəticələnəcəyini bildirməklə öz nitqini "yüz eşitməkdən bir görmək yaxşıdır" atalar sözü ilə tamamladı.