İstəyim o qədər güclü idi ki, gözəllik salonu açmaq üçün çiy kərpicləri öz əllərimlə hazırladım
Düşünürük ki, bu xanım dahi Nizaminin qəhrəmanı "Kərpic kəsən qoca"dan fərqli olmayaraq, onun kimi halal əməyi ilə yaşayan namuslu bir kəsdir.
Riyanə Qafarova Qusar rayonunun Piral kəndində doqquz uşaqlı bir ailədə dünyaya gəlib. Çox çətin şəraitdə böyüyən Riyanənin ən böyük istəyi ali təhsil alıb, öz biznesini qurmaq idi. Lakin maddi imkansızlığa görə o, həyata tutunmaq və ailəsinə kömək etmək məcburiyyətində qalaraq, təhsilini yarıda buraxmalı olur.
Bir gün yaxın qonşusu ona kənddə usta yanında şagird hazırlığı kursları barədə danışan şəxslərdən xəbər verir. Riyanə buna çox sevinir və həmin elanla Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil edilən qadın bərbəri kursuna yazılır. İki körpə uşaq anası Riyanə Qafarova böyük ümidlərlə 4 ay müddətində həftədə 3 dəfə avtobusla 20 km məsafəni qət edərək Qusar rayon mərkəzində keçirilən dərs və təlimlərdə iştirak edir.
Riyanə deyir: "Mən hər zaman televiziya kanallarında moda verilişlərinə baxanda xanımlara yeni saç düzümü verib, onları yeni üslubla bəzəməyi xəyal edirdim, bu gün artıq sənət sahibiyəm. İndi isə ən böyük hədəfim qadın salonu açmaqdır”.
Kursa başlayanda Riyanə və digər iştirakçılar bilirdi ki, kursu müvəffəqiyyətlə bitirən gənclər kiçik biznes qurmaq üçün dəstək alacaq. Belə də oldu. Riyanə kursu müvəffəqiyyətlə bitirənlər arasında oldu və onun Biznes Planı layihə çərçivəsində dəstəkləndi.
Hədəfinə doğru irəliləyən Riyanə maddi imkanı olmadığından salonu çiy kərpicdən tikmək qərarına gəlir. Salona lazım olan avadanlıqlar isə layihə hesabına alınır.
Bu gün 28 yaşlı Riyanə artıq öz ayaqları üzərində sərbəst duran, öz halal zəhməti ilə həyatını quran Azərbaycan xanımıdır.
Bu layihədən faydalana bildinizmi? sualına Riyanənin cavabı belə oldu: "Əlbəttə! Kursa getməklə bu sənətin incəliklərini öyrəndim. Təşkil olunan təlimlər məni öz biznesimi qurmağa həvəsləndirdi. İstəyim o qədər güclü idi ki, salonu öz əllərimlə tikdim, bu layihə hesabına isə lazımi avadanlıqlar alındı. Nəhayət ki, mən də öz istəyimə çatdım.”
Bu uğur tarixçəsi hafizəmizdən hələ uzun müddət silinməyəcək. Xanım üçün belə bir həyat mücadiləsi alqışa layiqdir.