Dəvəçi çayının vadisində yerləşən Surra kəndinin 460 nəfərə yaxın əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd ağsaqqallarının dediyinə görə kənd 400 illik tarixə malikdir. 2003-cü ildə "Ümid" HSDM-nin BP-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanın Şimal Regionlarında İcmaların Davamlı İnkişafı" layihəsi çərçivəsində səfərbər olunmuş icmalardan biri də Surra icması olmuşdur.
Beləliklə, İcma Fəaliyyət Qrupu və İcmanın lideri seçildi, ehtiyaclar müəyyənləşdirildi. İcma Fəaliyyət Qrupuna "İcmanın səfərbər olunması", "Könüllülük və liderlik" , "Layihə təklifinin yazılması","Ehtiyacların müəyyənləşdirilməsi" mövzularında təlimlər keçirildi. Layihə çərçivəsində icmanın özünün müəyyən etdiyi problemlərə uyğun mikro-layihələrin həyata keçirilməsi nəzərdə tutulurdu. İcma ilə aparılan söhbətlərdən məlum olmuşdur ki, kənddə yeni salınmış yaşayış massivində nə elektrik xətti nə də yanacaq var. İcma Fəaliyyət qrupu 8 ailənin yaşadığı yeni məhəlləyə Surra kəndindən qaz xəttinin çəkilməsi ilə bağlı layihə təklifi ilə "Ümid" Təşkilatına müraciət edir. Bununla da icma fondu yaradılır, bələdiyyə vəsaiti və icma töhvəsi qoyulur. Layihənin icrasında icmanın bütün üzvləri fəallıqla iştirak etmişlər. Artıq yeni yaşayış massivində yeni evlər tikilir . İcma öz fondu hesabına bu məhəlləyə işıq çəkmək üçün transformator alıb. Tezliklə məhəllənin işıq sistemi də qaydasına düşəcək.
Layihənin digər komponentlərindən biri də usta yanında şagird hazırlığı metodu ilə gənclərin peşə bacarıqlarına yiyələnməsidir. Surra kəndində yaşayan gənclərlə aparılan söhbətlərdən məlum olmuşdur ki, onlar bərbər peşəsinə üstünlük verirlər. Beləliklə 4 nəfər gənc - 3 qız və 1 oğlan peşə təlimlərinə cəlb olunmuşdur. İndi bu gənclərin üçü işləyir.
İcma lideri, Surra bələdiyyəsinin sədri Məhərrəm Həsənov: İcma anlayışı bizə yad olan bir anlayış idi. "Ümid"in əməkdaşları kəndə gələndə, proqramın məqsəd və məramı haqqında məlumat verəndə məndə deyilənlərə qarşı bir inamsızlıq var idi. Ümid tərəfindən verilən təlimlərdə iştirak etdik, birgə dəyirmi masalarda müzakirələr apardıq. Getdikcə bizim icma işinə marağımız artdı. İcma Fəalliyyət Qrupunu yaratdıq.
Keçirilən təlimlərin nəticəsidir ki, artıq biz beynəlxalq və yerli təşkilatlarla əlaqələr qurmuşuq. Əvvəllər biz bələdiyyə və İcra Hakimiyyəti orqanlarından başqa qurumlarla əlaqələrimiz olmayıb. Əlaqə yaratdığımız təşkilatların vasitəsilə regionlarda fəaliyyət göstərən icmalarla təcrübə mübadiləsi məqsədi daşıyan görüşlərdə iştirak edir, beynəlxalq təşkilatlar və səfirliklərə layihə təklifi ilə müraciət etmişik. Bundan başqa ətraf ərazilərdə keçirilən şəhər tədbirlərində iştirak edirik. 01-02 iyul 2003-cü il tarixdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət proqramı: İctimai Maarifləndirmə və Yayım proqramı çərçivəsində "Ümid" HSDM tərəfindən həyata keçirilən İctimai Görüşdə iştirak etmişdim. Düzü bu görüşdə iştirak etməzdən qabaq proqram haqqında məlumatım çox az idi. Proqramda iştirak etməklə bu proqramın əhəmiyyətini, məqsədini daha yaxından öyrəndim. Hətta səhiyyə sektorunda şəxsən mən tərəfdən verilən " Dəvəçi rayonunda təcili tibbi yardım mərkəzinin açılması" ilə bağlı təklifin həyata keçirilməsi məni hədsiz sevindirir. Artıq 3 aydır ki, bu mərkəz fəaliyyətə başlamışdır.
Surra icmasının fəaliyyətinin əks-sədası qonşu Aşağı Əmirxanlı kəndində yayılmışdır. Bu kəndin əhalisi icmanın yaradılması ilə bağlı "Ümid" təşkilatına müraciət etmişlər. Kənddə artıq icma formalaşmış, icmada "İcmanın səfərbər olunması", "Ehtiyacların müəyyənləşdirilməsi", "Layihə təklifin yazılması" mövzularında təlimlər keçirilmişdir.