Kənd bələdiyyələri daha şəffaf fəaliyyət göstərmək əzmindədirlər
Son
illər Azərbaycanda "Açıq Hökumət Tərəfdaşlığının (AHT) meyarlarının, o cümlədən
şəffaflığın, hesabatlılığın, vətəndaş iştirakçılığının, dürüstlüyün
gücləndirilməsi istiqamətində xeyli işlər görülsə də, regionlarda bu barədə
məlumatlılıq yetərli səviyyədə deyildi. Xüsusilə, dağlıq ərazilərdəki icma
üzvləri hökumətin həyata keçirdiyi fəaliyyətlər barədə məlumatların əldə
edilməsində çətinlik çəkirdilər. Bu çətinlikləri Quba-Xaçmaz regionunda 4
rayonun (Quba, Qusar, Xaçmaz, Şabran) 12
icmasında araşdıran "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi yuxarıda qeyd
edilən problemlərin həllinə töhfə vermək məqsədi ilə ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən maliyyələşdirilən
Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) proqramı çərçivəsində 2 mart
2022-ci il tarixindən "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda
rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq
prinsiplərinin tətbiqinin genişləndirilməsi" layihəsinin icrasına
başlayaraq uğurlu nəticələr əldə etmişdir. Layihə çərçivəsində 12 hədəf icmada
facebook səhifələri, 2 Bələdiyyə üçün twitter səhifəsi və 3 icma üçün whatsApp
qrupları yaradılmışdır. Bununla da, icma və Bələdiyyələr öz fəaliyyətləri ilə
bağlı məlumatları icma üzvlərinə daha dəqiq və daha əlçatan yollarla çatdırılması
imkanları qazandılar. Artıq Bələdiyyələr (misal olaraq, Quba r-nu Talabıqışlaq
Bələdiyyəsi) facebook səhifələrini idarə etməyə, hətta öz fəaliyyətləri barədə yarımillik
hesabatlarını (https://www.facebook.com/Talab%C4%B1q%C4%B1%C5%9FlaqB%C9%99l%C9%99diyy%C9%99si-Talabigishlag-Municipality-107756055249340) paylaşmağa başlamışlar.
Həmçinin,
hədəf kənd sakinlərinin kəndə təbii qazın çəkilməsi, yol-abadlıq işlərinə,
əhalinin içməli su ilə təminatına, elektrik xətlərinin təmirinə, yeni
transformatorun alınmasına, yeni məktəb tikintisinə, çay üzərində körpülərin
salınmasına, avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması və
asfaltlaşdırılması işinə və s. köməklik göstərilməsi barədə təkliflərini
facebook səhifəsi vasitəsilə aidiyyəti şəxslərə çatdırmaq imkanları
yaranmışdır. Bu kimi addımlar, öz növbəsində rayon ictimaiyyətində böyük ruh
yüksəkliyi yaradır.