Oktyabrın 15-də Bakıda birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət (Baku CSR Conference-2015) üzrə konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun, "Kaleidoscope Futures|CSR International”ın qurucusu və direktoru Veyn Visserin, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərovun və Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun çıxışları dinlənilib. İsrayıl İsgəndərov "Korporativ Sosial Məsuliyyətin bir Fənn kimi Tədrisinin Əhəmiyyəti” adlı məruzəsində aşağıdakı 4 əsas məsələyə toxunub:
- KSM-in tədrisinin vacibliyinin əsaslandırılması;
- KSM-in inkişafına təsir edən əsas amillər;
- KSM layihələrinin təşkilatın strategiyasında yeri və rolu;
- Azərbaycan Turizm və Menecment Universitetində KSM sahəsində görülmüş işlər.
Birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfrans Azərbaycanın aparıcı şirkətlərini, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarını bir araya gətirərək, bu sahədə yerli və xarici təcrübəni öyrənməyə böyük imkanlar yaradır. Məqsəd ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir.