"Korporativ Sosial Məsuliyyət" dərs vəsaitinin növbəti təqdimatı keçirildi
Sentyabr ayının 29-da Paşa bankın baş ofisində Azərbaycanda fəaliyyət göstərən və Amerika Ticarət Palatasının üzvü olan 25 yerli və beynəlxalq təşkilatın KSM menecerlərinin iştirakı ilə "Korporativ Sosial Məsuliyyət” dərs vəsaitinin növbəti təqdimatı keçirildi. Kitab "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə hazırlanmışdır. Dərs vəsaitinin hazırlanmasında əsas məqsəd ali təhsil müəssisələrində Korporativ Sosial Məsuliyyət üzrə tədris imkanlarının artırılmasıdır. Tədbir zamanı "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərov, layihə üzrə ekspertlər Sənan Əliyev və Əliməmməd Hacıyev dərs vəsaitinin hazırlanma prosesi, müəlliflər, vəsaitin müasirliyi və özəllikləri, vəsaitdə əhatə olunan mövzular haqqında ətraflı məlumat verdi. Bundan əlavə tədbirin sonunda iştirakçıların vəsaitin hazırlanması, Azərbaycan Turizm və Menecment Universitetində tədris və tədqiqat prosesi barədə sualları ətraflı şəkildə cavablandırılmışdır.