"Korporativ Sosial Məsuliyyət" dərs vəsaitinin təqdimatı
Bugün Azərbaycan Respublikası Sahibkarlıq Təşkilatları Milli Konfederasiyasının üzvləri Korporativ Sosial Məsuliyyət dərs vəsaitinin təqdimatı üçün bir araya gəldilər. Korporativ Sosial Məsuliyyət üzrə dərs vəsaiti 2014-cü ilin aprel ayından "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə hazırlanmışdır. Dərs vəsaitinin hazırlanmasında əsas məqsəd ali təhsil müəssisələrində Korporativ Sosial Məsuliyyət üzrə tədris imkanlarının artırılmasıdır. Tədbir Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırovun və konfederasiyanın baş katibi Günay Cəfərlinin çıxışları ilə başladı. Daha sonra Azərbaycan Turizm və Menecment Universiteti, Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov dərs vəsaitinin hazırlanma prosesi, vəsaitdə əhatə olunan mövzular haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıların müzakirəsi və kitabla tanışlığı ilə yekunlaşdırıldı.