"İcmadaxili yolların təmiri" layihəsinin açılış mərasimi keçirildi
Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” proqramı çərçivəsində 27 iyul 2015-ci il tarixində "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi və Qımılqışlaq icmasının birgə Xaçmaz rayonu Qımılqışlaq icmasında həyata keçirdiyi "İcmadaxili yolların təmiri" layihəsinin açılış mərasimi keçirildi.
Layihənin icrası nəticəsində bərbad vəziyyətdə olan ümumi uzunluğu 9300 metr icmadaxili yollar bərpa edilmiş, su keçidləri üçün bir neçə yerdə müxtəlif diametrli metal borular yerləşdirilmişdir. Ümumilikdə layihə nəticəsində icmada yaşayan 2777 nəfər bu layihədən faydalanmış, onların yollarda təhlükəsiz və rahat hərəkət etmələri üçün şərait yaxşılaşmışdır.
Layihənin açılışında kənd ağsaqqalları layihənin icra olunmasında verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə, AzKİL-ə, Dünya Bankına, Avropa İttifaqına, Xaçmaz Rayon İcra Hakimiyyətinə və "Ümid” təşkilatına təşəkkür etdilər.