"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi və Quba rayonu I Nügədi icmasının birgə həyata keçirdiyi "İçməli Su Təminatı" layihəsinin açılış mərasimi21 iyul 2015-ci il tarixində, Quba rayonu I Nügədi icmasında "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi və Quba rayonu I Nügədi icmasının birgə həyata keçirdiyi "İçməli Su Təminatı" layihəsinin açılış mərasimi keçirildi. I Nügədi icması Quba rayon mərkəzindən 6 km məsafədə yerləşir. Bu icmanın sakinləri uzun illərdir ki, içməli su problemindən əziyyət çəkirdi. İcmanın içməli su xətti uzun müddət əsaslı bərpa edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. Kəndin bir hissəsinə su ümumiyyətlə çatmırdı, digər yerlərdə isə çox az gəlirdi. Bu problemi həll etmək üçün I Nügədi icmasında 5350 metr uzunluğunda su xətti çəkilmiş, bir ədəd 25 kub metr tutumunda su çəni metal estakada ilə birlikdə quraşdırılmış, bir ədəd bulaq tikilmiş və 33 ədəd su paylayıcı kollektor hazırlanaraq quraşdırılmışdır. Bundan əlavə layihə çərçivəsində məktəbin həyətində olan artezian quyusu və transformatorun ətrafı da hasara alınmışdır. Layihənin icrası nəticəsində icmada 4176 nəfərin içməli su təminatı yaxşılaşmışdır. Layihə icma sakinlərinin ekoloji təmiz su ilə təmin olunması ilə yanaşı, onların əlavə xərclərinin qarşısını almağa və hər bir ailə büdcəsində kifayət qədər qənaətə də səbəb olmuşdur. Layihənin açılışında, "Ümid” SİD İB-in layihə koordinatoru Əflatun Verdiyev, AzKİL-2 Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimov, I Nügədi İcra Nümayəndəsi Əhməd Cabbarov, Bələdiyyə sədri Tahir Ərzumanov, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-in Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər. Kənd ağsaqqalları və ziyalılar öz çıxışlarında su probleminin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Dünya Bankına, Avropa İttifaqına, Quba Rayon İcra Hakimiyyətinə, AzKİL-ə və "Ümid” təşkilatına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsildikdən sonra istismara verilən layihəyə birgə baxış keçirildi və bununla da tədbir yekunlaşdı.