02 iyul 2015-ci il tarixində Quba rayonu ərazisində fəaliyyət göstərən "Ceyranbulaq” restoranında Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” layihəsinin əldə etdiyi nailiyyətlərə həsr olunmuş seminar keçirilmişdir. Seminarda hədəf icmaların Bələdiyyə sədrləri, İcra Nümayəndələri, İcma İnkişaf Şurası və icma üzvləri, Usta Yanında Şagird Hazırlığı kurslarında uğur qazanmış gənclər, Quba Rayon Aqrar Elm Mərkəzinin direktor müavini, Şabran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Baş səfərbərçisi, Şərq Qərb İdarəetmə İnstitutunun "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramında Şimal regionu üzrə regional direktoru və "Ümid” təşkilatının əməkdaşları iştirak etmişlər. Tədbir zamanı, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşı Nizami Musayev "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” layihəsi çərçivəsində icra olunmuş fəaliyyətlər və əldə edilən uğurlar barədə təqdimat etmiş, Usta Yanında Şagird Hazırlığı komponenti üzrə peşə kurslarında uğur qazanmış bir neçə gəncin çıxışları dinlənilmişdir. Gənclər peşə kurslarında mənimsədikləri bacarıqlar və yeni açdıqları xidmət sahələrində əldə etdikləri gəlirlər barədə fikirlərini bölüşmüşlər. Seminarda, həmçinin Quba rayonu Alpan və Qusar rayonunu Yasab icmalarının İcma İnkişaf Şurası koordinatorları bu layihə ilə əməkdaşlıq müddətində kəndlərində keçirilmiş təlim və dəyirmi masalar, icra olunmuş layihələr, Usta Yanında Şagird Hazırlığı kurslarına cəlb olunmuş gənclərin qazandıqları uğurlar və kənd təsərrüfatının inkişafına verilmiş töhfələr, KDİT, AzKİL, SİİF və Yapon səfirliyi ilə birgə əməkdaşlığın faydaları barədə təqdimatla çıxış etmişlər. Çıxış edən koordinatorlar "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” layihəsinin tədbiq etdiyi inkişaf modeli sayəsində icmalarında yaranmış müsbət dəyişiklikləri vurğulamış, onlara bu imkanları yaratdığı üçün Avropa İttifaqına təşəkkürlərini bildirmişlər.