Sumqayıt şəhərində təcrübə mübadiləsi görüşü keçirilmişdir
12 iyun 2015-ci il tarixində, Avropa İttifaqının maliyyələşdirdiyi "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” layihəsi çərçivəsində hədəf icmalardan 19 nəfər fermerin iştirakı ilə Sumqayıt şəhərində təcrübə mübadiləsi görüşü keçirilmişdir. Görüşdə "Faraş Aqro" MMC-nin rəhbəri və mütəxəssisləri müasir texnologiyalar əsasında Avropa standartlarına uyğun qurulmuş tərəvəz istixanasında yeni mütərəqqi üsullarla - torpaqdan istifadə etməməklə (kokos ağacının yonqarı) bitkiyə qidanın kompyuter proqramı ilə idarə olunan sistemdə hazırlanaraq, damcı suvarma sistemi ilə verilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermiş və fermerlərin suallarını cavablandırmışlar. Torpaqsız becərmə, tozlanmanın bal arıları vasitəsi ilə həyata keçirilməsi, qidalanma sisteminin Avropa standartlarına uyğun olması (qida təhlükəsizliyi sisteminin fəaliyyət göstərməsi), bazar tədqiqatları barədə məlumatlar fermerlərin geniş marağına səbəb olmuşdur. Bu tipli təcrübə mübadiləsi görüşlərinin zəruriliyini qeyd edən fermerlər onlara bu şəraiti yaratdıqları üçün Avropa İttifaqına, "Umid" SİD İB-ə və "Faraş Aqro" MMC-nin əməkdaşlarına öz təşəkkürlərini bildirmişlər".