02 noyabr, 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "QHT-lərin cəmiyyətin inkişafında rolunun artırılması üzrə tədbirlər” layihəsi çərçivəsində "Azərbaycanın milli maraqlarının və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində QHT-lərin vəzifələri” mövzusunda universitet tələbələrinin və turizm sahəsində fəaliyyət göstərən bir neçə QHT-nin iştirakı ilə panel müzakirəsi təşkil olunmuşdur.
Panel müzakirəsini giriş sözü ilə açıq elan edən Azərbaycan Turizm və Menecment Universitetinin səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov QHT-lərin cəmiyyətin inkişafına göstərdikləri təsiri, onların əhəmiyyətini qeyd edərək tədbirə uğurlar arzuladı. Daha sonra müzakirələr ATMU menecment kafedrasının müdiri, dosent İsrayıl İsgəndərovun moderatorluğu ilə davam etdi.
Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov QHT fəlsəfəsi, fəaliyyət istiqamətləri, Şuranın həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verdi. Şuranın informasiya portalı qhtxeber.az saytının baş redaktoru QHT-lərin ictimaiyyətlə əlaqələrinin qurulması sahəsində mövcud problemləri qeyd etdi.
Daha sonra dəvət olunmuş qonaqlar və tələbələrin qeyd olunan mövzularla bağlı sualları cavablandırıldı.