BMT QAK-ın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranların bacarıqlarının artırılması və maddi texniki dəstək” layihəsinin icrası uğurla davam etdirilir. Əsas məqsədi Azərbaycanda, xüsusilə də Bakı şəhərində sığınacaq axtaran şəxslərin iqtisadi imkanlarının, biznes və peşə bacarıqlarının artırılmasıdır. Bu istiqamətdə layihə bu ilin birinci yarısında aşağıdakı işlər görülmüşdür:
Qaçqın və sığınacaq axtaran gənclərin peşə
bacarıqlarının artırılması- Bu il 20 nəfər gəncin UYŞH kurslarına cəlb edilməsi nəzərdə tutulmuşdur. UYŞH kursunun mahiyyəti, məqsədi və əsas yanaşma prinsipləri haqqında icmalarla keçirilən görüşlərdə məlumat verilmişdi. Əldə olunan nəticələr gənclərin, eləcə də valideynlərin bu kursa olan marağını artırmışdır. 63 gənc qız və oğlan UYŞH kurslarında iştirak etmək arzusunu bildirmişlər, 15 valideyn öz övladlarının bu kurslara cəlb edilməsi üçün müraciət etmişlər.
Daha çox diqqət əlil və fiziki qüsuru olan şəxslərə verilmişdir. 54 nəfər sorğularda iştirak etmişdır. Seçım meyarlarına uyğun olaraq 14 nəfər gənc oğlan və qız 4 peşə sahəsi üzrə mart ayından başlayaraq kurslara cəlb edilmişdir. Kursların müddəti peşə sahəsindən asılı olaraq, 2 aydan 4 aya kimi təyin edilmişdir. İyun ayının sonuna qədər 11 nəfər gənc UYŞH kurslarını müvəffəqiyyətlə bitirərək, sertifikatlarla təltif edilmişdir.
Qaçqın və sığınacaq axtaranların özünü təmin etmək imkanları- Qaçqın və sığınacaq axtaranların yaşayış vəziyyətinin yaxşılaşdırılması hər zaman BMT QAK-nin diqqət mərkəzindədir. Ötən ilin noyabr, dekabr aylarında "Ümid” 30 nəfər qaçqın sahibkarla fərdi sorğu keçirərək, onların biznes ideyaları və biznes bacarıqlarını və imkanlarını qiymətləndirmişdir. Pilot layihəsi kimi, 10 nəfərin biznes ideyası dəstəklənmiş, biznes planları hazırlanmış və onların hər birinə, gəlir əldə etmək və artırmaq üçün 1000 - 2700 AZN miqdarında qrant verilmişdir.
2011-ci ilin yanvar-may aylarında bu sahibkarların biznesi monitorinq olunmuşdur. Monitorinq zamanı biznesin zəif tərəfləri müəyyən edilmiş, biznesin inkişafı və gəlirin artırılması istiqamətində sahibkarlara tövsiyələr verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, verilən qrantın hesabına sahibkarların orta aylıq gəliri 200-400 AZN artmışdır.
Qaçqın və sığınacaq axtaran gənclərin internet və computer təlimlərinə cəlb olunması-Layihə üzrə bu ildə 30 nəfərin kompüter bacarıqlarının artırılması, 200-250 nəfərə internet xidmətindən istifadə etmək imkanlarının yaradılması nəzərdə tutulmuşdur.
Ötən ildə kompüter kurslarına müraciət edənlərin təklifini nəzərə alaraq, bu ildən başlayaraq Photoshop kompüter kursları da təşkil olunmuşdur. 2011-ci ilin birinci yarısında kompyuter kurslarına 47 nəfər müracıət etmiş, onlardan 21-i MS Office və Photoshop kurslarına cəlb edilmişdir. 157 nəfər internet xidmətindən istifadə etmişdir. Onlara elektron ünvanından səmərəli istifadə etmək, internetdən məlumat əldə etməyin əlverişli yolları, saytlarda qeydiyyatdan keçmək yollarına dair məsləhətlər verilmişdir.
İyun ayının sonuna qədər 14 nəfər kompüter kurslarını bitirərək, sertifikatlarla təltif edilmişdir .