15-17 mart 2011-ci il tarixlərində Goranboy rayonunun Eyvazlılar, Qaradağ rayonunun Səngəçal, Şəmkir rayonunun Zəyəm və Sarıtəpə icmalarında BP və Tərəfdaşlarının maliyyə dəstəyi və "Ümid” SİD-in təşkilatçılığı ilə sosial tədbirlər çərçivəsində "Novruz şənlikləri” təşkil olunmuşdur. Tədbirlərdə layihə haqqında geniş məlumat verilməklə yanaşı bu layihənin gənclərin həyatında oynadığı rol da vurğulanmışdır.
İcma üzvləri də daxil olmaqla ümumilikdə, 3500-dən çox insan yəni, qonşu icmaların nümayəndələri, Bələdiyyələr, Rayon İcra Hakimiyyətinin məhsul şəxsləri, Mədəniyyət evinin nümayəndələri, orta məktəb müəllim və şagirdləri, N saylı hərbi hissənin əsgər və zabitləri, eləcə də BP-nin yerli CLO-ı və digərləri tədbirlərdə iştirak etmişdir.
Tədbirin təşkil olduğu hər bir icmada Novruz şənliyinin atributları olan Bahar qızı, kosa, keçəl iştirak etmiş və adət-ənənələrimizin gözəlliyi, kütləviliyi nümayiş etdirilmiş, süfrələr xonça və bayram şirniyyatları ilə bəzədilmişdir. Tədbir iştirakçılarına çay və şirniyyatlar təklif olunmuşdur. Bunlardan əlavə orta məktəb şagirdləri kiçik səhnələr göstərmiş, azyaşlılardan ibarət milli rəqs qrupu rəqs etmiş və Bahar bayramına aid şer və mahnılar səsləndirmişlər. Qızlar xonçalar və səmənilərlə maraqlı rəqs nümayiş etdirmiş və tədbir iştirakçılarına xüsusilə də əsgərlərə bayram nemətləri verilmişdir. Tədbir boyu gənclər öz bacarıqlarını nümayiş etdirmiş fərqlənənlər hədiyyələrlə mükafatlandırılmışdır.
Sosial tədbirlər çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid, Sahil, Səngəçal və Əzimkənd (Səngəçal qəsəbəsi massiv 3) qəsəbələrində yaşayan 16 yaşa qədər olan yeniyetmələr arasında "İcmalararası Futbol yarışı” keçirilmişdir.
Yarış "Laçın” idman klubunun rəhbəri /məşqçi Abuzər Nadirovun təşkilatçılığı ilə aparılmışdır. Yarışda hər İcmadan 10 nəfər oyunçudan ibarət komanda təmsil etmişdir. Abuzər Nadirov yarışdan öncə iştirak edəcək komandaların məşqçiləri və oyunçuları ilə müzakirələr aparmış və oyunun qaydaları ilə onları tanış etmişdir. Əzimkənd komandası ilk dəfə olaraq yarışlarda iştirak etdiyindən Abuzər müəllim həmin komandanı yarışa hazırlamaq məqsədilə 5 gün əlavə məşq keçirmişdir.
Yarışda icma üzvləri və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) Milli komandanın Elit bazasının hazırlanması üzrə məşqçisi Həbib müəllim, "Neftçi” İdman Sağlamlıq Mərkəzinin məşqçisi Adil Babayev, "Vətən” futbol məktəbinin məşqçisi Rauf müəllim, Olimpiya Dünya qəzetinin futbol şöbəsinin rəhbəri Rahib müəllim, Olimp Sport Müstəqil İdman Jurnalının baş redaktoru Ramin Allahverdi iştirak etmişlər. Futbol yarışına 22.03.2011-ci il tarixində Ümid icmasının ev sahibliyi ilə "Laçın” İdman klubunun Qaradağ rayon İcra Hakimiyyəti və AFFA tərəfindən inşa olunmuş mini stadionunda start verildi. Ümumilikdə yarış iştirakçıları arasında 4 oyun (görüş) oldu. Final oyunu 24.03.2011-ci il tarixində Ümid -Səngəçal komandaları arasında oldu və oyun 3-2 hesabı ilə Ümid (Laçın) komandasının qalibliyi ilə sona çatdı. Sonda qalib komandaya İcma lideri Coşqun Nəcəfovun iştirakı ilə kubok təqdim olundu. Layihə çərçivəsində iştirak edən 40 nəfər yarış iştirakçılarına futbol geyimləri hədiyyə olunmuşdur. Bundan əlavə hakimlər üçün 2 dəst idman kostyumu, 5 ədəd futbol topu və mini qapı üçün tor hədiyyə verilmişdir.