«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi Avropa Parlamentinin keçirdiyi Dayanıqlıq üzrə Dünya Mükafatı-2007 («Enerji Qlobusu») müsabiqəsində iştirak etmiş və beynəlxalq Juri tərəfindən Azərbaycan üzrə Milli qalib kimi sertifikatla təltif edilmişdir. «Ümid» HSDM-yə sertifikat «Beynəlxalq Enerji Qlobusu»nun sədri Maneka Qandhi tərəfindən təqdim edilmişdir.
2007-ci il üzrə ENERJI QLOBUSU mükafatları 26 may, 2008-ci ildə Brüsseldə Avropa Parlamentində təqdim edilmişdir. Mükafatların məqsədi geniş auditoriyaya uğurlu və dayanıqlı layihələr təqdim etmək, çoxlu sayda ekoloji problemlərin yaxşı və real həlli imkanlarını aşkara çıxarmaqdan ibarətdir. Hər il bütün dünyadan 800 layihə və təşəbbüslər Yer, Od, Su, Hava və Gənclik kateqoriyaları üzrə müsabiqəyə təqdim edilirlər.
Avropa Birliyi Komissiyasının Prezidenti Jose Manual Barroso, BMT-nin keçmiş Baş Katibi Kofi Annan, incəsənət xadimi Dion Varvik və "Bollivud» aktyoru Amir Xan Hava, Su, Od, Yer və Gənclik kateqoriyaları üzrə Enerji Qlobusu Mükafatlarını təqdim edən qonaqlar sırasında olmuşlar.
2007-ci il üzrə dünya üzrə mükafat almaq üçün 109 ölkədən təqdim edilmiş 853 layihədən 15 ən unikal təşəbbüs Brüsseldə Avropa Parlamentinə təqdim edilmişdir. Hər millətdən ən yaxşı layihə Milli Enerji Qlobusu Mükafatı ilə təltif edilmişdir.
«Ümid» HSDM Su kateqoriyası üzrə milli qalib elan edilmişdir. Bu kateqoriya layihələrinə içməli su təchizatı, məişət suyu, suvarma, su yollarının mühafizəsi, çirkab suların daşınması, kənarlaşdırılması və emalı kimi sahələri əhatə edən layihələr daxildir.
«Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsi 2005-ci ildən bəri BP və onun partnyorlarının maliyyə dəstəyi ilə Kürdəmir, Ucar və Ağdaş rayonlarında həyata keçirilir.
Layihə çərçivəsində əhalinin təmiz, içməli suya olan ehtiyacının təmin edilməsi məqsədilə quraşdırılan 11 Su Təmizləmə Qurğuları xarakterinə görə Azərbaycanda innovativ sayıla bilər. Belə ki, ilk dəfə icmalar üçün əldə edilə bilən ultra-bənövşəyi şüaların istifadəsi ilə fəaliyyət göstərən bu mobil qurğularda içməli su ehtiyatları təmizlənir və əhalinin istifadəsinə verilir.
Brüsseldə keçirilən Mükafatlandırma Tədbiri layihələri ətraf mühitin qorunmasını və dünya resurslarının idarə olunmasında dayanıqlıq üzrə vacib məsələləri hədəf alan qaliblərin tanınması üçün unikal imkan oldu. Bu tədbir həmçinin 9 il ərzində dünyanın ən qabaqcıl ətraf mühit mükafatını formalaşdıran «Enerji Qlobusu» müsabiqəsinə müraciət edilməsi üçün əvəzsiz çağırış və həvəsləndirmə vasitəsidir.