«Ümid» HSDM və CHF İnternational Azərbaycanın şimal-şərq regionunda öz fəaliyyətini başa çatdırmışdır. Bu məqsədlə 22 aprel 2009-cu il tarixində saat 10.30-da Quba şəhəri Aynur İstirahət Mərkəzində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA)İcma İnkişafı Fəaliyyəti Proqramının bağlanması mərasimi keçirilmişdir.
Bu proqram Respublikanın şimal-şərq regionlarında - Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonlarında icmaların səfərbər olunması, yerli sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə ABŞ BİA-nın (USAİD) maliyyə və Beynəlxalq CHF Təşkilatının texniki dəstəyi ilə milli qeyri-hökumət təşkilatı olan «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən 2005-ci ildən etibarən icra olunurdu.
Layihə çərçivəsində şimal-şərq regionlarında 25 icma özünün İcma İnkişaf Şurasını (İİŞ) yaratmış və iqtisadi inkişafın planlaşdırılması ilə bağlı olan layihələrin qiymətləndirilməsi və reallaşdırılması yollarını öyrənmişdir. Demokratik prinsiplər üzərində modelləşən bu Şuralar, yolların, içməli su təchizatının, elektrik sistemlərin və məktəblərin bərpası və təmiri kimi icmalarının ictimai və iqtisadi sağlamlığı üçün həyati vacib olan layihələr həyata keçirmişlər.
Bu regiondan 25 icma proqramın əsas məqsədlərinə - icma üzvlərinin icma problemləri ətrafında müvəffəqiyyətlə səfərbər olunmasına, yerli səviyyəli planlaşdırmada, problemlərin həll olunmasında və qərar qəbul etmə prosesində maraq və iştirakçılıqlarının artırılmasına nail olmuşdur. Eyni zamanda yerli hökumət orqanları ilə daha məhsuldar əlaqələr yaradılmışdır.
Tədbirdə ABŞ BİA, CHF İnternational Təşkilatının və rayon İcra Hakimiyyətlərinin nümayəndələri, bələdiyyə və icma üzvləri iştirak etmişlər.