19 May 2017-ci il tarixində, Sabirabad rayonunda Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü adlı seminar keçirilmişdir. Tədbirdə "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, platformanın üzvü, "Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli, Sabirabad, Saatlı, İmişli RİH-nin məsul şəxsləri, yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri, 13 icmadan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.
Platformanın koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat vermiş, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılması təşəbbüsünü bəyəndiyini və bunun çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbir "Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” layihəsi barədə məlumatların verilməsi və layihə çərçivəsində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 15 hədəf icmada aparılmış sorğuların nəticələrinin təqdimatı ilə davam etmiş, mövzu ilə bağlı iştirakçıların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.
Seminarda həmçinin, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın reqlamentini və Anlaşma Memorandumunu təqdim etmişdir. Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edilmişdir.Beləliklə, 4 yerli QHT, 6 dövlət qurumu, 5 yerli Bələdiyyə və 8 İcma İnkişaf Şurasının iştirakı ilə Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmışdır.
Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Əflatun Verdiyev tərəfindən reallaşdırılan "Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” adlı layihə çərçivəsində keçirilmişdir.