26 may 2017-ci il tarixində, Quba rayonunda "İctimai iştirakçılıq” haqqında AR qanunu, "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi” layihəsi üzrə İƏT tərəfindən verilən təkliflərin müzakirəsinə dair yekun tədbir keçirilmişdir. Tədbir Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Rasim Quliyev tərəfindən icra olunan "İctimai və sosial əhəmiyyət kəsb edən məsələlərdə icma əsaslı təşkilatların rolunun artırılması” layihəsinin yekunu üzrə müzakirələrə həsr olunmuşdur.
Tədbirdə "Açıq Hökumətin Təşviqi” nə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın üzvü Sahib Məmmədov, platformanın QHT təmsilçisi İsrayıl İsgəndərov, Quba, Xaçmaz və Şabran RİH-nin nümayəndələri, QHT-lərin təmsilçiləri, 10 hədəf icmadan olan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.
Tədbir iştirakçılarına layihənin icrası dövründə həyata keçirilmiş fəaliyyətlərin qısa xülasəsi təqdim edilmiş, icmalarda təşkil olunmuş Dəyirmi Masalarda və sosial müzakirələrdə "Açıq Hökumətin təşviqi”nə dair icma üzvlərinin təklif və tövsiyyələri qeyd edilmişdir.
Layihənin ekspertləri "İctimai iştirakçılıq haqqında” AR qanununun və İctimai şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair əsasnamənin təbliği, İctimai şuranın yaradılmasında İcma Əsaslı Təşkilatların rolu və məsuliyyəti, sosial təminat, təqaüd, kommunal xidmətlər və s. sahəsində mövcud vəziyyətin yaxşılaşdırılması, regionlarda əhaliyə göstərilən elektron xidmətlər üzrə Açıq Hökumətin təşviqi və bu sahədə QHT-lərin məsuliyyəti barədə çıxış etdilər. Tədbirin birinci hissəsində ekspertlər tərəfindən təqdimatlar edilmiş və iştirakçıların sualları ətrafında sual-cavab sessiyası keçirilmişdir. Tədbirin ikinci hissəsində iştirakçılar üç qrupda müzakirələri davam etdirmiş və hər qrupdan 1 nəfər seçilərək, qrup üzvləri tərəfindən verilən təkliflərin təqdimatını aparmışdır.
Layihənin məqsəd və vəzifələrinə uyğun olaraq, səsləndirilən bütün təkliflərin ümumiləşdirilərək aid olduğu icra strukturlarına təqdim olunması qərara alınmışdır. Belə ki, İctimai İştirakçılıq haqqında AR qanunundan, İctimai şuranın VCİ tərəfindən seçilməsinə dair əsasnamədən və icma üzvlərini maraqlandıran sosial təminat, təqaüd, kommunal xidmətlərin yaxşılaşdırılması və Açıq Hökumətin təşviqi üzrə elektron xidmətlərin göstərilməsinə dair təklif və tövsiyyələr qruplaşdırılaraq, həm yerli özünüidarəetmə orqanlarına, həm rayon və regional icra orqanlarına, həm də Mərkəzi qanunverici orqanlara təqdim olunacaqdır.