21 fevral 2022-ci il tarixində, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində fokus qruplarla iki görüş keçirilmişdir. Tədbirlərdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri, valideynlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının sədri, yeniyetmə və gənclər olmaqla 36 nəfər (15 nəfər qadın, 21 nəfər kişi) iştirak etmişdir.
Görüşün keçirilməsində əsas məqsəd fokus qruplarla mövzuya dair müzakirələr aparmaq, layihənin icrasında onların dəstəyinə nail olmaq, narkotiklərdən istifadənin yayılmasının yollarını müəyyən etmək, qarşısının alınması üçün təkliflər toplamaq və həmin təkliflər əsasında tədbirlər planı hazırlamaqdır. Tədbir zamanı layihə barədə ətaflı məlumatlar verilmiş, sağlam həyat tərzi, narkotik vasitələrdən istifadə barədə müzakirələr aparılmış və təkliflər səsləndirilmişdir. Ərazidə məskunlaşmış məcburi köçkün icmaları üzrə Ağsaqqallar Şurasının sədri çıxış edərək zərərli vərdişlərin, o cümlədən narkomaniyanın gənclərin sağlamlığına və ümumilikdə cəmiyyətə vurduğu ziyanı vurğulamış, faydalı məsləhətlər vermişdir.
Görüşdə iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış edərək "Qobu Park” ərazisində gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün normal şəraitin yaradıldığını qeyd etmiş, layihə çərçivəsində keçirilən tədbirlərə hərtərəfli dəstək verəcəklərini bildirmişdir.