23 fevral 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində "Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimdə hədəf ərazidə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, yeniyetmə və gənclər olmaqla 26 nəfər (11 nəfər qadın, 15 nəfər kişi) iştirak etmişdir.
Təlim narkomaniya üzrə ekspert Emil Maqalovun təqdimatı ilə keçirilmişdir. Emil Maqalov təqdimatında narkotik vasitələrin növləri, onlardan istifadə, yaratdığı fəsadlar və s. barədə ətraflı məlumat vermiş, faktlara əsaslanan misallarla mövzuya dair bilgiləri iştirakçılara çatdırmışdır.
Tədbirdə iştirak edən valideynlər çıxış edərək müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın səbəb olduğu faciələrdən real nümunələr gətirmişdir.
Təlimin sonunda ekspert Emil Maqalov iştirakçıların suallarını ətraflı cavablandırmışdır.