"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində "Yerli hökumət və özünüidarəetmə orqanlarına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının maliyyələşdirdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) proqramı çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində Quba, Xaçmaz, Şabran və Qusarın 12 icmasında 9 istiqamət üzrə 64 fəaliyyəti əhatə edən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın (FP) icrasının tədqiqi məqsədi ilə sorğular keçirilmişdir. Fiziki, onlayn görüşlər (ZOOM proqramı vasitəsilə) və elektron (google proqramı ilə) qaydada keçirilən sorğularda hədəf icmaların Bələdiyyə sədrləri (və ya üzvləri), RİH Başçısının Ərazi üzrə Nümayəndələri (və ya müavinləri), İcma İnkişaf Şurasının koordinatorları (və ya üzvləri), YQHT nümayəndələri və Sahibkarlar (fermerlər və kiçik sahibkarlar) olmaqla 65 nəfər (7 qadın, 58 kişi) iştirak etmişlər.
Keçirilmiş sorğuların nəticələrinə görə qeyd edilən icmalarda 23,1 % Açıq Hökumətin Təşviqi Layihəsi və Milli Fəaliyyət Planı haqqında məlumatlı olduğunu, 76.9% icma üzvü isə bu barədə məlumatlı olmadığını və ya qismən məlumatlı olduğunu bildirmişlər. İcmalarda bu məlumatlılığın zəif olması MFP-ın qəbul olduğu vaxtların pandemiya dövrünə düşdüyünü və icmaların ənənəvi yığıncaq və tədbirlərdə iştirak etmədikləri ilə izah edilə bilər. Bu suala cavabda yaxşı hal odur ki, İcra hakimiyyətlərinin Ərazi İcra Nümayəndələri, bələdiyyələr və QHT-nümayəndələri bu proqramlarda məlumatlı olduğunu nümayiş etdirmişlər. Məlumatların əsasən TV və mətbuatdan alındığı qeyd olunmuşdur. Elektron xidmətlərin təkmilləşdirilməsi şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması üçün əsas vasitələrdən biridir. Müəyyən edilib ki, sorğuda iştirak edənlərin 60%-i elektron xidmətlərdən istifadə edir və onlardan xəbərdardır. Sorğuda iştirak edən on iki icmadan 4-də ödəniş terminalları quraşdırılıb. Belə qurğular əsasən rayon mərkəzlərinə yaxın icmalarda yerləşir. Açıq Hökumət Portalının məlumatlılıq dərəcəsi təxminən 15,4% təşkil edir. Bundan əlavə, respondentlərin təxminən 47,7%-i dövlət qurumlarının internet saytlarının mobil interfeysindən istifadə etdiyini bildirib. Respondentlərin 35,4%-i "Açıq Hökumətin Təşviqi üzrə Hökumət və Vətəndaş Cəmiyyəti Dialoq Platforması” haqqında qismən məlumatlı olduqlarını bildiriblər. Sorğu iştirakçılarının 53%-i İctimai Şuralar və onların fəaliyyəti haqqında məlumatlı olduğunu bildirib, 83,1%-i QHT-lərin və digər icma qurumları tərəfindən layihənin həyata keçirilməsi üçün yaradılmış icma əsaslı təşkilatların fəaliyyəti ilə tanış olduğunu qeyd etmişlər. Respondentlərin 71,9%-i hesabatların seçicilərə bələdiyyələr tərəfindən verildiyini bildirib.
Aparılmış sorğular təhlil edilərək MFP üzrə nəzərdə tutulmuş hədəflərə çatmaq üçün yerinə yetirilməsi lazım olan aşağıda göstərilən fəaliyyətlər tövsiyə olunur.
- AHT layihəsi və MFP haqqında vətəndaşlarla, yerli icra, özünüidarə və özəl qurumların nümayəndələri ilə maarifləndirmə tədbirlərinin keçirilməsi, müxtəlif broşur və bukletlərin hazırlanıb paylanması;
- AHT layihəsi və MFP haqqında televiziya verilişlərinin hazırlanması;
- AHT layihəsi və MFP haqqında sosial şəbəkələrdə məlumatlandırıcı videoroliklərin yayımlanması;
- Dövlət istiqrazlarının buraxılışı üzrə keçirilən hərracların nəticələri və Dövlət büdcəsi ilə bağlı məlumatların sosial şəbəkələrdə və televiziyalarda yayımlanması;
- İcmalarda Elektron hökumət portalının imkanlarından istifadə, elektron xidmətlərdən istifadə, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə maarifləndirmə tədbirlərinin (təlimlər, dəyirmi masa və görüşlər) keçirilməsi;
- Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və s. barədə hesabatların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi (hesabatların sosial şəbəkələrdə yerləşdirilməsi və s.);
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, buklet və kitabçaların paylanılması;
- Hədəf icmalarda elektron ödəmə terminallarının quraşdırılması;
- Açıq Hökumətin Təşviqinə Dair "Yerli səviyyəli Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılması;
- Bələdiyyələrin sosial media (Facebook, tweeter və s) səhifələrinin yaradılması, səhifələrin icma üzvlərinə tanıdılması.