Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Publika.az-a bildirib ki, müsabiqə şəffaf keçirilməməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmır:
"Mən də Müşahidə Şurasının bir üzvüyəm, bir səsim var. Birmənalı şəkildə düşünürəm ki, müsabiqə tam şəffaf şəkildə keçirilib. 327 layihənin təqribən yarısı seleksiyadan keçib, seleksiya o deməkdir ki, müəyyən çatışmazlıqlar olan layihələr kənara qoyulur, onlara baxılmır. Təqribən 100-ə yaxın layihə 3 ekspertə göndərilir. 3 müstəqil ekspert həmin layihələri dəyərləndirir. Orada onların sualları var; məqsədəuyğundurmu, vəzifə uyğundurmu, layihə icra oluna biləndirmi, davamlıdırmı, harada keçiriləcək, büdcəsi uyğundur ya yox, …kriteriyalar çoxdur. Onların rəyləri də Müşahidə Şurasına təqdim olunur. Ekspertlərin rətləri isə tövsiyyə xarakterlidir, yekun deyil. Yekun qərarı isə Müşahidə Şurası verir. Biz bu məsələni Müşahidə Şurasında iki dəfə müzakirə eləmişik. Orada ekspertlərin rəylərinə baxıldı. Bir neçə layihə ilə bağlı bizdə sual yarandı ki, bu layihə daha yaxşı ola bilər, ona görə onlara bir də baxaq, təhlil edək. Həmin 22 layihəni bir daha təhlil etdik və onlarla bağlı qərar qəbul elədik”.
Vüsal Quliyev əlavə edib ki, həmin 22 layihənin təşəbbüsləri maraqlıdır. Onların bəziləri ölkədən kənarda keçiriləcək:
"Layihələr təkcə ölkə daxili ilə bitməməlidir. Şuşa ölkə xaricində də təbliğ olunmalıdır. Onlıarın təqribən yarısı xaricdə keçiriləcək layihələrdir. Onların bəziləri Şuşada araşdırma istiqamətli layihələrdir. Şuşada ermənilərin törətdiyi müxtəlif vandallıq aktları, bu istiqamətdə araşdırma işləri ilə bağlıdır. Mən səlahiyyətimdən istifadə edərək ekspertlərin baxdığı 100-dən artıq layihəyə yenidən baxış keçirə bilərik. Hansı layihənin hansı vəziyyətdə olmasına yenidən baxmaq mümkündür. Sosial şəbəkələrdə müsabiqənin yekunları ilə bağlı irad bildirənlərin bəzilərinin mövqeləri ilə tanış oldum. İnanırsınız, irad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir. Bu müsabiqədir. Mən özüm də vətəndaş cəmiyyəti sektorundan çıxmışam, QHT rəhbəri olmuşam. Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram. Amma daha sonra emosionallıqdan uzaq, dərindən təhlil edəndə görürsən ki, dəstəklənən layihə səninkindən daha yaxşıdır. Biz əvvəlcədən filankəsin bacarıqsızlığını, yaxşı layihə icra etməyəcəyini mühakimə etməməliyik. Hamı deyir ki, mənim ideyam əladır. Biz də onların fikirlərinə hörmətlə yanaşırıq. Sadəcə olaraq, bəlli maliyyə var, həmin maliyyədən kənara çıxmaq olmur. Çox istərdik ki, hamının layihəsini dəstəkləyək. Yaxşıların da içərisindən ən yaxşıları seçilib”.
Mənbə:https://www.qht.az/index.php?action=static_detail&static_id=53041