"Şuşa ili çərçivəsində hər bir tədbir müqəddəsdir, onu ədalətli və şəffaf təşkil etmək borcumuzdur və ona xəyanət edənlər bağışlanılmazdır"
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2-ci qrant ("Şuşa ili"nə həsr olunmuş xüsusi qrant müabiqəsi) layihəsinin nəticələrini elan etdikdən dərhal sonra ictimai müzakirələrin olması gözlənilən idi. Agentliyin Müşahidə Şurasının üzvü kimi bu müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirməyi özümə borc bildim. Bəli, heç bir müsabiqənin hər kəs üçün ədalətli keçirildiyini iddia etmək niyyətində deyiləm, lakin müsabiqənin nəticələrinin şəffaflığına şübhələr, kimlərinsə maraqlarına uyğunluğuna, vəzifə və cəmiyyətdəki statusuna görə kimlərəsə güzəşt oldunduğu iddiası ilə də razılaşmayacağam. İlkin olaraq, qeyd edim ki, bu qrant müsabiqəsinin elanını verəndə Müşahidə Şurasının üzvləri qərara gəldi ki, onların təmsil etdikləri təşkilatlar bu müsabiqəyə layihə təqdim etməyəcəklər.
Bilirsiniz ki, seçim prosesi bir neçə mərhələdən keçib: layihələr ilkin olaraq texniki seçimdən keçib, sonradan müstəqil ekspertlər tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının əksər üzvləri müsabiqənin Şuşa ilinə həsr olunduğunu nəzərə alaraq məsuliyyətini dərk edir və bu səbəbdən əksər üzvlər 100-ə yaxın layihənin hər birini nəzərdən keçirib. Texniki seçimdən keçən layihələrin hər birini hər bir üzv ayrılıqda qiymətləndirib, iki iclasda əksər layihələr müzakirə edilib. Sonda qaliblər Müşahidə Şurası tərəfindən müəyyənləşdirilib və təsdiq edilib. Beləliklə, məsuliyyəti də Müşahidə Şurasının üzvləri daşıyır. Müşahidə Şurasının qərarını tənqid etmək normaldır, tənqidə açığıq, qərarlar isə kollegial verilir, lakin heç kəsin heç kimi ittiham etmək haqqı yoxdur. Ehtiyac olarsa, hər bir layihəni (qalib və ya müsabiqədən keçməyən) müzakirə edə bilərik. Məsuliyyətlə deyə bilərəm ki, elanda göstərilən mövzulara uyğun olan, layiqli hazırlanmış hər bir layihə qaliblər sırasındadır. Bu prosesdə ancaq texniki dəstək göstərən, Müşahidə Şurasının üzvlərinə köməklik göstərən işçi heyətini tənqid etməyi isə doğru hesab etmirəm. Müşahidə Şurası layihələri problemin qoyuluşu və onun aktuallığının təsviri, layihənin məqsədinin problemin təsviri ilə uyğunluğu, layihənin vəzifələrinin problemin həllinə nə dərəcədə xidmət etdiyi, nəzərdə tutulan fəaliyyətlərin layihənin məqsədinə uyğunluğu, icra mexanizminin aydınlığı və mümkünlüyü, nəticələrin problemin həllinə təsiri və ölçüləbilən olması kimi kriteriyalar əsasında qiymətləndirmişdir. Nəhayət, qalib olmaq ümidi olan QHT dostlarımızı yaxşı başa düşürük, lakin gəlin layihələrin icra nəticələrini gördükdən sonra münasibət bildirək, tənqid etməyə başlayaq, hələlik kimlərisə adına, vəzifəsinə, yaşına, layihənin mövzusuna görə tənqid hədəfinə çevirməyək. Bu qrant müsabiqəsinin müqəddəs Şuşaya həsr oldunduğunu nəzərə alaraq nəticələrin ictimaiyyətə təqdimatının keçirilməsinə çalışaq və o zaman sözümüzü deyək.
Şuşa ili çərçivəsində hər bir tədbir müqəddəsdir, onu ədalətli və şəffaf təşkil etmək borcumuzdur və ona xəyanət edənlər bağışlanılmazdır" deyə "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı direktoru İsrayıl İsgəndərov "Facebook" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Mənbə: https://www.facebook.com/israyil.isgandarov