"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) (ECSOFT) proqramı çərçivəsində həyata keçirdiyi "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi” layihəsinin sonuncu mərhələsinin icrasına başlamışdır.
Bu mərhələ ilə əlaqədar olaraq, 27 iyul 2022-ci il tarixində Quba şəhərində "Yerli səviyyəli Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın formalaşdırılması məqsədilə fiziki və eyni zamanda, onlayn formatda Seminar keçirilmişdir. SeminardaQuba, Qusar, Xaçmaz, Şabran rayonlarının 9 hədəf kəndindən Yerli İcra Nümayəndələri, Bələdiyyə üzvləri, bir neçə QHT və Sahibkarlıq subyekti nümayəndələri, "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru və digər əməkdaşları, "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü iştirak etmişlər (cəmi 35 nəfər: 5 qadın, 30 kişi).
Platformanın koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə seminar iştirakçılarına ətraflı məlumat vermiş, Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılması təşəbbüsünü bəyəndiyini və bunun çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbir "Vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi vasitəsilə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi" layihəsi barədə məlumatların verilməsi ilə davam etmiş, layihə ilə bağlı iştirakçıların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.
Seminarda həmçinin, "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın Reqlamentini və Anlaşma Memorandumunu təqdim etmişdir. Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edilmişdir. Paralel olaraq yeni yaradılacaq Yerli Səviyyəli Platformanın koordinatorluğuna Quba QHT Resurs və Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayevin namizədliyi irəli sürülmüşdür. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Beləliklə, 2 yerli QHT, 4 dövlət qurumu, 4 yerli Bələdiyyə və 4 İcma İnkişaf Şurasının iştirakı ilə Yerli Səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis edilmişdir.