Biz "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqmətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq 04 avqust 2022-ci ildə günorta saatlarında Londondakı Azərbaycan səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və səfirlik binasına qarşı olan hərəkətləri həm Böyük Britaniyanın imicinə, həmçinin beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.
Hadisədən artıq 1 həftədən çox vaxt keçməsinə baxmayaraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ancaq 05 avqust tarixində bir açıqlama verib. Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Azərbaycanın London səfirliyinə daxil olan "etirazçıların hərəkətlərini pislədiyi"ni və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirib. Hadisə baş verəndən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də "müəyyənləşdirə bilməyib” və onları sadəcə olaraq "etirazçılar” adlandırıb. Baş verən hadisənin "vandalizm aktı" olduğu, Azərbaycan Bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə "etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Böyük Britaniya hökuməti tərəfindən ciddi bir açıqlama verilməyib. Məlumat üçün bildirir ki, 18 aprel 1961-ci ildə qəbul edilmiş "Diplomatik əlaqələr haqqında Konvensiya”nın 22-ci maddəsinə əsasən "Nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir”.
Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, Azərbaycan səfirliyinə hücumunməsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatçılığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan Hökumətinə və xalqına məlumat verməlidir.