Biz - Azərbaycanın QHT-ləriolaraq Azərbaycanın xarici ölkələrdəki (Fransa, Livan) diplomatik nümayəndəliklərinin
binalarına qarşı bu ölkələrdəki erməni diasporunun
radikalları tərəfindən törədilən hücumları və vandalizm aktlarını kəskin şəkildə pisləyirik. Özündə terrorizm elementlərini ehtiva etməklə bu
hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə
də beynəlxalq cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Qeyd
etmək istəyirik ki, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən
edən əsas beynəlxalq hüquqi sənəd-1961-ci il Vyana Konvensiyasına uyğun olaraq,
diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin
sakitliyinin pozulmasının və ya nüfuzuna xələl gətirilməsinin qarşısını almaq
üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Təəssüf
hissi ilə bildiririk ki, Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlara
verilən reaksiya qaneedici deyil. Hadisələrin üzərindən bir neçə gün keçməsinə
rəğmən təxribatların qarşısının alınmasına cavabdeh olan qurumlar yetərli açıqlamalar
vermirlər, hadislərin törədicilərini cəzalandrmırlar.
Bizlər - Azərbaycan QHT-ləri olaraq erməni
qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləməklə yanaşı, müvafiq ölkələrdə bu cür təxribatların
qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə
yanaşmasını gözləyirik. Qanunun aliliyi prinsipini rəhbər tutaraq radikal erməni qüvvələrinin törətdiyi
vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən
araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət
verilməsini tələb edirik.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri
olaraq belə hesab edirik ki, Azərbaycan səfirliklərinə hücumların məsuliyyətini
bu ölkələr bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa
düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını
təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidirlər.
Bizlər, həmçinin, erməni icmalarının Azərbaycan
səfirliklərinə hücum təşkil etdikləri ölkələrdəki QHT və KİV nümayəndələrinə
müraciət edərək, proseslərə həssas yanaşmağa, baş verənlərə laqeyd olmamağa çağırırıq.
Cinayət cəzasız qalarsa, başqa yerlərdə başqa formalarda da təkrarlana bilir.
Bakı şəhəri, 20 sentyabr 2022-ci il