17 yanvar 2023-cü il tarixində Xəzər rayonu Türkan qəsəbəsi 262 saylı məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) T-NETWORK - təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə "Ümid” SİD İB-nin rəhbərliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərin rəhbərliyi, müəllimlər, valideynlər və icma üzvləri (sahibkarlar, İcra Nümayəndəsi və s.) iştirak etmişlər.
Türkan qəsəbəsi 262 saylı tam orta məktəbin direktoru Kəmalə Babayeva giriş sözü ilə tədbiri açaraq, rəhbərlik etdiyi məktəbin layihədə hədəf məktəb olaraq seçilməsindən məmnun olduğunu, bunun üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və "Ümid” SİD İB-nin rəhbərliyinə təşəkkürünü bildirdi.
"Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov icra edilən layihənin əsas məqsədinin məktəbin icmanın nüfuz mərkəzinə çevrilməsi olduğunu vurğulamışdır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova çıxışında Təhsil Nazirliyinin məktəb-ailə-icma əməkdaşlığı modelinin tətbiqi istiqamətindəki məqsədyönlü fəaliyyətləri barədə məlumat verib. O, bildirib ki, icmanın məktəbin təhsil prosesində yaxından iştirak etməsi məktəb-icma münasibətlərinin yaxşılaşmasına və məktəb nüfuzunun artırılmasına böyük töhfə verəcəkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov icra edilən layihədə, məktəb-icma əməkdaşlığının gücləndirilməsi və icma üzvlərinin təhsil prosesinə cəlb edilməsi istiqamətindəki təşəbbüslərin əhəmiyyətini vurğuladı.
Tədbirdə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin layihə rəhbəri tərəfindən "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin hədəfləri, əsas vəzifələr, fəaliyyətlər və əldə ediləcək nəticələr barədə təqdimatı nümayiş etdirilib.
Tədbirin davamında layihə ilə bağlı ümumi müzakirələr aparılmışdır. Çıxış edən valideynlər, müəllimlər və icma üzvləri, o cümlədən Qədirova Çinarə, Rzayev Namiq, Əliyev Şərif, Səttar Əliyev, Ərizə Adıgözəlova və s. icra ediləcək layihənin əhəmiyyəti, icma-məktəb əməkdaşlığının təhsil prosesinə təsiri, məktəbin nüfuzunun artırılması üçün vacib fəaliyyətlər barədə fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər.