Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyətlər göstərilmişdir. Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edilmiş və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuz birinci ildönümü ərəfəsində bir daha dərin hüznlə yad edirik!
Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq!