"Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" keçirilib
7 mart 2023-cü il tarixində "Hilton Baku” otelində "Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı" keçirilib. "GEM ESG Consulting”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ali təhsil ocaqlarından akademiklər, QHT ekspertləri, xeyriyyəçilər, ictimai xadimlər və ziyalılar iştirak ediblər.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
Tədbirdə "Məsuliyyətli Biznes Davranışı layihələrində QHT-in rolu" mövzusunda çıxış edən "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov Məsuliyyətli Biznes Davranışında müasir strategiyalar, ona təsir göstərən faktorlar, sosial məsuliyyəti yönləndirən əsas qüvvələr, QHT-lərin biznes qurumlarından gözləntiləri, sosial məsuliyyətə cəlb olunan QHT-nin qiymətləndirmə meyarları, dayanıqlı inkişaf və sosial məsuliyyət, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Məsuliyyətli Biznes Davranışı” üzrə konsepsiya və planlarından bəhs etmişdir.