AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.
Tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarları İtttifaqları Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda giriş nitqi ilə başlayıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elmi qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
Sonra Akademiyaya həsr edilmiş "Elm məbədi” filminin nümayişi olub.
Tədbirdə çıxış edənlər sırasında millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri də olub.
Sonda Elm günü çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən bir sıra alimlərə Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının Fəxri fərmanları, döş nişanları, AMEA-nın "İstinadda rekord”, "Elmin populyarlaşdırılmasında xidmətlərinə görə”, "Əmək veteranı vəsiqəsi”, "İlin gənc alimi diplomu” mükafatları və "Uğurlu məruzəyə görə” təşəkkürnamələr təqdim olunub.